Donald Tramp administrasiyası Prezident və onun komandasının Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən araşdırılmasına qarşı çıxıb.
News365.az xəbər verir ki, "Reuters"ə danışan Tramp administrasiyasının rəsmisi BCM-in Tramp barəsində araşdırmaya başlayacağı təqdirdə ABŞ-ın məhkəməyə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.
Mənbənin sözlərinə görə, əgər BCM sözügedən məsələni, eləcə də İsrail rəhbərlərinin Qəzza ilə bağlı fəaliyyətlərinin araşdırılmasını və ABŞ qoşunlarının Əfqanıstanda törətdikləri iddia olunan əməllərlə bağlı istintaqı gündəlikdən çıxarmasa, rəsmi Vaşinqton BCM rəsmilərini cəzalandıracaq və məhkəmənin özünə sanksiya tətbiq edəcək.
Qeyd edək ki, BCM Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarıb.
Xatırladaq ki, 2002-ci ildə Roma Statutu əsasında yaradılan Beynəlxalq Cinayət Məhkəməsi bu sənədi qəbul edən ölkələrin dövlət başçılarını mühakimə etmək səlahiyyətinə malikdir.