Paşinyan Konstitusiya dəyişikliklərini 2026-cı ildən sonra planlaşdırır

Paşinyan Konstitusiya dəyişikliklərini 2026-cı ildən sonra planlaşdırır
15:42

Xəbər verdiyimiz kimi Ermənistan baş naziri Nikol Paşinyan Konstitusiyanın dəyişdirilməsi planlarını açıq şəkildə gündəmə gətirib. O, bu məsələyə dair açıqlamalarını Berlində keçirilən beynəlxalq tədbirdə verərək, həm daxili, həm də regiondakı siyasi proseslərə işıq tutub. Paşinyanın açıqlamaları xüsusilə Azərbaycanla sülh sazişi kontekstində diqqət mərkəzindədir.

Milli Məclisin deputatı Azər Allahverənov mövzu ilə bağlı fikirlərini News365.az-a bildirib. 

"Paşinyan faktiki olaraq Konstitusiyanın dəyişdirilməsini bir növ anons etmiş olur.  Paşinyan  Konstitusiyanın dəyişdirilməsi məsələsini  Berlində keçirilən Beynəlxalq Münasibətlər üzrə Alman Assosiasiyasının tədbirində dilə gətirib. Orada müxtəlif suallara, həmçinin Konstitusiyanın dəyişdirilməsi ilə bağlı suallara da cavab verdi.  Yeni Konstitusiyanın qəbul edilməsi planı  Azərbaycanın təkidi ilə olacağını demir, vurğulayır ki, bu proses 2018-ci ildən gündəmdədir.  

Paşinyan vurğulayır ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra Vətəndaş partiyası xalqdan mandat alarsa, Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi prosesinə başlanılacaq. O, həmçinin bildirir ki, Konstitusiyanın dəyişdirilməsi müstəqilliyin gücləndirilməsi, dövlətçilik, demokratik institutların möhkəmləndirilməsi kimi məsələlərlə birbaşa bağlıdır.

Eyni zamanda Paşinyan qeyd edir ki, Azərbaycan tərəfinin fikrincə, Ermənistan Konstitusiyasında ərazi iddiaları mövcuddur. Paşinyan isə iddia edir ki, onların belə bir iddiası yoxdur və imzalanması nəzərdə tutulan sülh sazişinə əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O deyir ki, sülh sazişinin Konstitusiyaya uyğun olub-olmamasını Konstitusiya Məhkəməsi müəyyən etməlidir. Əgər məhkəmə müsbət qərar çıxararsa, sənəd ratifikasiya olunacaq və bununla da Ermənistanın Azərbaycan torpaqlarına iddiasının olmadığı hüquqi qüvvə qazanacaq.

Paşinyan dolayısı ilə bildirmək istəyir ki, Konstitusiyanın dəyişdirilməsi Azərbaycanın təzyiqi ilə deyil, tarixi zərurətdən irəli gələn “təbii proses”dir. O, bunun dövlətçiliyin möhkəmlənməsi üçün vacib olduğunu vurğulamağa çalışır. Lakin reallıq ondan ibarətdir ki, hazırkı Konstitusiyada həm Azərbaycan, həm də Türkiyəyə qarşı açıq şəkildə ərazi iddiaları mövcuddur — bu, həm preambulada, həm də əsas mətnin bir neçə hissəsində əksini tapır.

Biz Ermənistan tərəfinin növbəti manipulyasiyasını görürük. Paşinyan ictimaiyyət qarşısında özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışır, eyni zamanda üzərində olan siyasi təzyiqdən yayınmaq istəyir. O yaxşı başa düşür ki, Konstitusiya dəyişməyincə sülh müqaviləsinin imzalanması mümkün deyil. Məhz buna görə bu prosesi 2026-cı ildən sonrakı dövrə keçirməyə üstünlük verir.

Ermənistan mediasında aparılan monitorinq də göstərir ki, orada belə başlıqlar dərc olunur: “Paşinyan Konstitusiyanı Azərbaycanın tələbi ilə dəyişir”, “Konstitusiya dəyişiklikləri sülh müqaviləsinin şərtidir” və s. Amma Paşinyan çalışır ki, bu təsəvvürü dağıtsın və Konstitusiyanın dəyişdirilməsini daxili ehtiyac kimi göstərsin.

Artıq məlumdur ki, Ermənistan Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, gələn ilin mart ayına kimi yeni Konstitusiyanın layihəsi hazır olacaq. Bu, onu göstərir ki, 2026-cı il parlament seçkilərindən sonra Ermənistanın yeni Konstitusiyanı qəbul etməsi planlaşdırılır. Bu proses baş tutduqdan sonra Azərbaycanla sülh sazişinin imzalanmasına mane ola biləcək  hüquqi müddəa  aradan qalxmış olacaq.


Sizin reklam burada
Sizin reklam burada