Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın hökuməti Ağrı dağının dövlət simvollarından tam çıxarılması istiqamətində addımlar atır.
Bu dəyişiklik Ermənistan–Türkiyə münasibətlərinin yaxşılaşdırılması və “başqa millət və dinlərin nümayəndələri üçün həssas ola biləcək simvollardan uzaqlaşmaq” məqsədi daşıyır. Prosesin ilk addım 2025-ci il noyabrın 1-dən etibarən qüvvəyə minmiş sərhəd möhürlərinin yenilənməsi olub. Hökumətin qərarı ilə Ermənistan sərhəd-buraxılış məntəqələrində istifadə olunan möhürlərdən Ağrı dağı təsviri çıxarılıb.
Mövzu barədə News365.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, bu məsələ nə qədər tez həll olunsa, böyük sülh sazişinə töhvə vermiş olarlar:

"Bu istiqamətdə addımlar atılmalıdır. Bu tək Azərbaycanla münasibət deyil, Türkiyə ilə də münasibətləri əngəlləyən əsas vasitələrdən biridir. Bu istiqamətdə çalışmaq lazımdır ki, bunu nə qədər tez etsələr, böyük sülh sazişinə töhvə vermiş olarlar."
Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirir ki, Ermənistan öz gələcəyini, taleyini düşünərək bu addımları atır:
"Ermənistanın illər boyu həyata keçirdiyi işğalçılıq siyasəti onu həm regionda, həm də beynəlxalq müstəvidə təcridə saldı. Bu siyasət nəticəsində Ermənistan təkcə nüfuzunu itirmədi, həm də öz iqtisadiyyatına, dövlət kimi gələcəyinə ciddi təhdidlər yaratdı.
Azərbaycan isə Ali Baş Komandanın rəhbərliyi ilə işğala son qoydu, torpaqlarını azad etdi və regionda yeni geosiyasi reallıq formalaşdırdı. Bu gün Azərbaycan regionun ən güclü dövləti kimi böyük layihələr həyata keçirir, beynəlxalq nüfuzu sürətlə artır.
Ermənistanın hazırda qarşılaşdığı ən ciddi problemlərdən biri onun Konstitusiyasında və rəsmi simvollarında qonşu ölkələrə — xüsusilə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer almasıdır. Məsələn, Ağrı dağının dövlət gerbində təsvir olunması Türkiyəyə qarşı iddia kimi qiymətləndirilir və bu, Ermənistanın özünü daha da təcrid etməsinə səbəb olur.
Aydın Hüseynov həmçinin bildirir ki, İndi sülh gündəliyində Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasından və rəsmi sənədlərindən bütün ərazi iddialarının çıxarılmasıdır:

"Ermənistan artıq bu istiqamətdə addımlar atmağa başlayıb. Bunun səbəbi odur ki, həm Ermənistan cəmiyyəti, həm də hakimiyyəti anlayır: bu cür siyasət ölkəni inkişafdan saxlayır, layihələrdən kənarda qoyur və iqtisadiyyata ağır zərbə vurur.
Kommunikasiyaların açılması, xüsusilə Zəngəzur Dəhlizinin fəaliyyətə başlaması isə həm region, həm də Ermənistan üçün böyük iqtisadi imkanlar yaradacaq. Bu səbəbdən Ermənistan Ağrı dağının dövlət simvollarından çıxarılması kimi addımlarla özünün gələcəyini düşünməyə başlayıb.
Bu proses həm sülh istəyinin göstəricisi, həm də Ermənistan iqtisadiyyatının dirçəlməsi üçün atılan zəruri addım kimi qiymətləndirilə bilər."