Nəticəsiz danışıqlar açıq etiraf olunmur

Nəticəsiz danışıqlar açıq etiraf olunmur
09:40

 “Görüşlərdə müsbət mesajlar verilməsi diplomatik prosesin təbiətidir”

Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında beynəlxalq danışıqların mahiyyəti və tərəflərin mövqeyi ilə bağlı fikirlərini bölüşüb.


Onun sözlərinə görə, danışıqlar prosesində iştirak edən tərəflər adətən görüşlərin nəticəsiz olduğunu açıq şəkildə bəyan etmirlər:

“Diplomatik təcrübədə demək olar ki, heç vaxt tərəflər görüşlərin uğursuzluqla başa çatdığını bildirmirlər. Əksinə, hətta real irəliləyiş zəif olsa belə, hər zaman müsbət atmosfer və müəyyən addımların atıldığı vurğulanır.”

Politoloq qeyd edib ki, bu yanaşma danışıqların davam etdirilməsi üçün vacibdir:

“Əgər tərəflər açıq şəkildə nəticə olmadığını desələr, bu, növbəti görüşlərin keçirilməsini mənasız edə bilər. Ona görə də ‘müsbət irəliləyiş var’ mesajı diplomatik prosesin bir hissəsidir.”

Əlimusa İbrahimov ABŞ və İran arasında baş tutan görüşlərə də toxunub. O bildirib ki, bəzi hallarda tərəflərin görüşlərdə iştirakdan imtina etməsi müsbət addım kimi qiymətləndirilə bilməz:

“Görüşdə iştirak etməmək və ya ondan yayınmaq heç də konstruktiv yanaşma deyil və bu, prosesə mənfi təsir göstərir.”

Politoloq Türkiyənin mövqeyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Ankara regionda gərginliyin artmasında maraqlı deyil:

“Türkiyə nə İran-ABŞ, nə də İran-İsrail qarşıdurmasının dərinləşməsini istəmir. Əksinə, rəsmi Ankara münaqişələrin tezliklə başa çatmasını və sabitliyin bərpasını dəstəkləyir. Türkiyə bu məsələdə öz milli maraqları çərçivəsində balanslı siyasət yürüdür.”

Politoloq vurğulayıb ki, ümumilikdə diplomatik görüşlərdə verilən bəyanatları qiymətləndirərkən onların arxasındakı siyasi məqsədləri də nəzərə almaq lazımdır.


Sizin reklam burada
Sizin reklam burada