Yaxın Şərqdə gərginliyin artması fonunda İranın dəstəklədiyi qüvvələrin bölgədəki rolu yenidən diqqət mərkəzinə gəlib. Politoloq Fikrət Sadıqov hesab edir ki, mövcud vəziyyətin daha da mürəkkəbləşməsinin qarşısını almaq üçün tərəflər kompromis yolları axtarmalıdır.
News365.az-a açıqlamasında ekspert bildirib ki, İranın dəstəklədiyi silahlı qruplar bölgədə vahid strateji xətt üzrə fəaliyyət göstərirlər:

“Hizbullah, HƏMAS və husilər ayrı-ayrı təşkilatlar kimi görünsələr də, eyni strateji xəttin iştirakçılarıdır. İran bu qüvvələrə siyasi, maliyyə və hərbi dəstək verir. Hazırkı gərgin şəraitdə həmin qruplar Tehrana dəstək göstərməyə çalışırlar”.
Politoloqun sözlərinə görə, husilərin Qırmızı dəniz və Babül-Məndəb boğazı ilə bağlı səsləndirdikləri bəyanatlar ciddi qəbul edilməlidir:
“Onlar əvvəllər də bir sıra açıqlamalar veriblər və sonradan həmin bəyanatların bir hissəsi reallaşıb. Əgər Babül-Məndəb boğazında hərəkət məhdudlaşdırılarsa və ya təhlükəsizlik problemi yaranarsa, bu, beynəlxalq ticarət və enerji bazarlarında yeni gərginliklərə səbəb ola bilər”.
Fikrət Sadıqov hesab edir ki, mövcud vəziyyətdə hərbi üsullarla nəticə əldə etmək çətindir:
“Hadisələr göstərir ki, raket və dron zərbələri ilə bu qüvvələri tamamilə sıradan çıxarmaq mümkün deyil. Husilər uzun illərdir fəaliyyət göstərirlər və öz imkanlarını nümayiş etdiriblər. Eyni zamanda İsrailin HƏMAS-a qarşı apardığı əməliyyatlar da göstərir ki, belə təşkilatları qısa müddətdə tam zərərsizləşdirmək asan deyil”.
Ekspertin fikrincə, ABŞ, İsrail və İran arasında müəyyən anlaşma nöqtələrinin tapılması vacibdir:
“Əgər tərəflər ortaq məxrəcə gələ və qarşılıqlı güzəşt variantlarını müzakirə edə bilməsələr, münaqişənin uzunmüddətli xarakter alması qaçılmaz görünür. Bu isə təkcə region ölkələrinə deyil, qlobal iqtisadiyyata da təsir göstərəcək”.
Politoloq vurğulayıb ki, Qırmızı dəniz marşrutu və Babül-Məndəb boğazı dünya enerji və yük daşımalarının mühüm hissəsini təşkil edir:
“Bu marşrutlar vasitəsilə daşınan neft və digər yüklər Avropa bazarlarına çatdırılır. Ona görə də bölgədəki hər hansı yeni gərginlik ABŞ, İsrail və Avropa ölkələrinin maraqlarına da mənfi təsir göstərə bilər”.