Ermənistanda iyunun 27-də keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qələbə qazanması erməni cəmiyyətinin gələcəklə bağlı seçimini ortaya qoydu.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a açıqlamasında səsləndirib.

Deputatın sözlərinə görə, seçkilər ərəfəsində Ermənistanın qarşısında iki əsas yol dayanırdı: regionda yaranmış yeni reallıqları qəbul etmək və ya revanşizmə qayıdaraq qarşıdurma siyasətini davam etdirmək.
“Seçki öncəsi Ermənistan cəmiyyətində ciddi siyasi parçalanma müşahidə olunurdu. Qarabağ müharibəsindən sonra yaranmış vəziyyət, uzun illər davam edən daxili siyasi qarşıdurmalar və xarici güclərin təsiri bu prosesləri daha da dərinləşdirirdi. Seçki kampaniyası dövründə əsas mübarizə Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası ilə Samvel Karapetyan və Robert Köçəryanın təmsil etdiyi siyasi qüvvələr arasında gedirdi. Hər iki rəqib daha çox revanşist və Rusiya yönümlü siyasi xəttin nümayəndələri kimi çıxış edirdi”, – deyə deputat bildirib.
Samir Vəliyev qeyd edib ki, Paşinyan son illərdə Ermənistanın xarici siyasət kursunda dəyişikliklər etməyə çalışıb:
“Nikol Paşinyan ölkəsini tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşdıraraq Qərblə inteqrasiyaya üstünlük verməyə başlayıb. Paralel olaraq regionda yeni münasibətlər sisteminə uyğun siyasət yürütməyə çalışır. O, ötən ilin avqustunda Vaşinqtonda sülh sənədinin paraflanması prosesində iştirak edib, konstitusiya dəyişikliklərinə hazır olduğunu bəyan edib və Azərbaycan ərazilərinə dair iddialardan imtina istiqamətində addımlar atıb. Eyni zamanda Ermənistanın yeni iqtisadi və logistika layihələrində iştirakını dəstəkləyib”.
Deputat vurğulayıb ki, Ermənistan hakimiyyəti bu mövqeyi könüllü şəkildə deyil, regionda formalaşmış yeni geosiyasi reallıqların təsiri altında qəbul edib:
“2020-ci ildən sonra Ermənistan müxtəlif xarici qüvvələrin dəstəyinə arxalanaraq Cənubi Qafqazda gərginliyin davam etməsinə çalışsa da, Azərbaycanın siyasi və hərbi gücü qarşısında geri çəkilməyə məcbur oldu. Nəticədə rəsmi İrəvan regionda yaranmış yeni reallıqları qəbul etməli oldu”.
Samir Vəliyevin fikrincə, revanşist qüvvələrin seçkidə qalib gəlməsi region üçün əlavə risklər yarada bilərdi:
“Əgər revanşist qüvvələr hakimiyyətə gəlsəydilər, regionda yeni gərginlik ocaqlarının yaranması ehtimalı yüksək idi. Onların seçki kampaniyası əsasən populist və emosional çağırışlar üzərində qurulmuşdu. Lakin erməni cəmiyyətinin böyük hissəsi artıq işğalçılıq siyasətinin ölkəyə hansı ağır nəticələr gətirdiyini anlayır. Buna görə də seçicilər daha çox sülh və sabitlik vəd edən hakim partiyanı dəstəklədilər”.
Deputat bildirib ki, Paşinyan hökumətinin əsas prioritetləri Azərbaycanla münasibətlərin normallaşdırılması, konstitusiya dəyişiklikləri və sülh sazişinin imzalanmasıdır:
“Son aylarda Ermənistan üçün mühüm iqtisadi proseslər baş verib. Azərbaycan tərəfindən tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi əlaqələrin genişlənməsi və regionda yeni əməkdaşlıq imkanlarının yaranması Ermənistan iqtisadiyyatına müsbət təsir göstərə bilər. Zəngəzur dəhlizi layihəsinin reallaşması isə Ermənistanın regional nəqliyyat və logistika şəbəkələrinə inteqrasiyasını sürətləndirə bilər”.
Samir Vəliyev hesab edir ki, Ermənistanın gələcək inkişafı region ölkələri ilə əməkdaşlıqdan keçir:
“Əgər mövcud hakimiyyət sülh prosesinə sadiq qalacaqsa və Azərbaycanın irəli sürdüyü şərtlər, o cümlədən konstitusiya dəyişiklikləri istiqamətində addımlar atacaqsa, sülh müqaviləsinin imzalanması mümkündür. Ermənistan anlamalıdır ki, onun gələcək inkişaf perspektivləri Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından keçir. Əks halda ölkənin iqtisadi və siyasi inkişaf imkanları ciddi şəkildə məhdudlaşa bilər”.