Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəisi Manaf Manafovun fəaliyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilib.
News365.az xəbər verir ki, paytaxt.org-un yaydığı məlumata görə, rayon sakinləri təmizlik və abadlıq işləri, məişət tullantılarının idarə olunması, yaşıllıq sahələrinin salınması və mövcud yaşıllıqların qorunması sahəsində problemlərin yaşandığını bildirirlər. İddialara əsasən, bu vəziyyət kommunal xidmətlər sahəsində şəffaflıqla bağlı narazılıqların artmasına səbəb olub.
Bildirilib ki, rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtükləri, zirzəmiləri və kommunikasiya xətlərinin vəziyyəti ilə bağlı sakinlərin çoxsaylı müraciətlərinə baxmayaraq, problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmayıb.
Mənbənin iddiasına görə, yaşıllıqların qorunması və ağacların kəsilməsi ilə bağlı qərarların qəbulu, eləcə də Birliyin balansında olan texnika və avadanlıqların icarəyə verilməsi və işə qəbul prosesində qanun pozuntularına yol verilməsi ilə bağlı da suallar mövcuddur. Həmin iddiaların araşdırılmasına ehtiyac olduğu vurğulanır.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və rəis Manaf Manafovun mövqeyi məlum deyil. Redaksiya qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.