Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan və Ermənistan birgə layihə icra edə bilər?

Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan və Ermənistan birgə layihə icra edə bilər?
10:40

Zəngəzur dəhlizinin açılması və fəaliyyətə başlaması prosesində yalnız Azərbaycanın atacağı addımlar deyil, Ermənistanın mövqeyi və ABŞ-ın prosesdəki rolu da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsi ilə yanaşı, Ermənistanın da müvafiq addımlar atması və tərəflər arasında koordinasiyanın təmin olunması dəhlizin reallaşması baxımından vacib hesab olunur.

Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycanın mütəmadi bəyanatları Ermənistanı öz öhdəliklərini vaxtında yerinə yetirməyə sövq edə bilər.


"Bildiyiniz kimi, Azərbaycanın dəhlizinin açılması və fəaliyyətə başlaması məsələsi təkcə Azərbaycandan asılı deyil. Burada Azərbaycanla yanaşı, Ermənistanın mövqeyi, hərəkəti və fəaliyyəti də ciddi əhəmiyyət daşıyır. Eyni zamanda, ABŞ da bu dəhlizlə, yaxud bu layihədə aparıcı rol oynayır", - politoloq deyib.

Ə.İbrahimovun sözlərinə görə, Azərbaycan layihə çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirməklə dəhlizin daha qısa müddətdə reallaşmasına şərait yaradır.

"Azərbaycan öz öhdəsinə düşən vəzifələri həyata keçirirsə, bu, dəhlizin lazımi vaxtda və ya qısa zamanda reallaşdırılması üçün şərait yaradır. Amma eyni zamanda Ermənistan və ABŞ-la bağlı məsələlər də öz həllini tapmalıdır", - deyə o vurğulayıb.

Politoloq hesab edir ki, Azərbaycanın bu istiqamətdə verdiyi bəyanatlar həm Ermənistanın, həm də ABŞ-ın diqqətini prosesə yönəldir:

"Mən düşünürəm ki, Azərbaycanın mütəmadi olaraq belə bəyanatlar verməsi Ermənistanı da öz vəzifələrini vaxtında yerinə yetirməyə sövq edəcək, hətta buna təkan verəcək. Azərbaycan bu bəyanatlarla həm ABŞ-a mesaj verir, həm də Ermənistanı bu sahədə ciddi addımlar atmağa sövq edir".

Ə.İbrahimov Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin də prosesə təsir göstərəcəyini bildirib.

"Əlbəttə ki, Azərbaycan Respublikası Prezidentinin mütəmadi olaraq bu istiqamətdə verdiyi bəyanatlar Ermənistanı da bu işə sövq edəcək və müəyyən mənada buna məcbur edəcək", - politoloq qeyd edib.

Onun sözlərinə görə, prosesin müəyyən mərhələsində Azərbaycan və Ermənistan arasında dəhlizin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları da yarana bilər.

"Eyni zamanda, müəyyən bir mərhələdə Azərbaycanla Ermənistan bu sahədə bəzi məsələlərdə əməkdaşlıq da edə bilərlər. Ermənistan bu dəhlizin açılması ilə bağlı hansısa çətinliklərlə qarşılaşarsa, Azərbaycan ona yardım edə bilər. Yaxud tərəflər birlikdə hər hansı bir layihəni həyata keçirə bilərlər", - Əlimusa İbrahimov əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada