Son dövlərdə sahibkarlıq fəaliyyətində ən çox rast gəlinən və vətəndaşları gözlənilmədən ağır maliyyə yükü altında qoyan problemlərdən biri də etibarnamə yolu ilə başqalarının adına VÖEN açılmasıdır. İlk baxışdan qanuna uyğun görünən bu prosedur, əslində yüzlərlə insanın xəbəri olmadan böyük borcların və hətta cinayət məsuliyyətinin hədəfinə çevrilməsi ilə nəticələnir.
Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilovun News365.az-a açıqlamasına görə, bu üsulla törədilən dələduzluq halları artıq kütləvi xarakter almağa başlayıb.
Proses necə baş verir?
İnamdan sui-istifadə: Vətəndaşlar işin mahiyyətini, yarana biləcək hüquqi öhdəlikləri tam dərk etmədən başqa bir şəxsə mülki işlər üzrə nümayəndəlik etibar edirlər.
VÖEN və ASAN İmza əldə olunması: Hüquqi səlahiyyət alan şəxs qanuni yolla vətəndaşın adına VÖEN açır və onun adından sahibkarlıq fəaliyyətinə başlayır.
Külli miqdarda borc və zərər: Qanunsuz gəlir əldə edən şəxslər vergi öhdəliklərini yerinə yetirmir. Nəticədə adına VÖEN açılmış şəxsin üzərinə külli miqdarda vergi borcu toplanır.
İstintaq orqanlarının üzərinə düşən əsas vəzifə
Səməd Vəkilov vurğulayır ki, bu əməllər formal olaraq hüquqi çərçivədə görünsə də, mahiyyətcə dələduzluq cinayətinin tərkib hissəsidir. Bu səbəbdən hüquq-mühafizə və istintaq orqanları yalnız kağız üzərində cavabdeh görünən şəxsləri deyil, başqasının adından və ASAN İmzasından istifadə edərək gəlir qazanan, digər şəxslərə maliyyə zərəri vuran əsl təqsirkarları müəyyənləşdirib məsuliyyətə cəlb etməlidir.