Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri zamanı bir sıra mühüm layihələrin açılışı və təməlqoyma mərasimləri keçirilib. Prezidentin səfər çərçivəsində verdiyi geniş müsahibədə isə Naxçıvanın təhlükəsizliyi, enerji təminatı, Zəngəzur dəhlizi, nəqliyyat-logistika imkanları və idarəetmə modeli ilə bağlı mühüm mesajlar yer alıb.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Prezidentin müsahibəsində Naxçıvanın gələcək inkişaf strategiyasının əsas istiqamətləri aydın şəkildə ortaya qoyulub.

"Prezidentin müsahibəsində ilk diqqətçəkən məqam Naxçıvanın inkişafının təhlükəsizlik məsələsindən başlanmasıdır. Naxçıvanın coğrafi xüsusiyyətləri onu Azərbaycanın digər ərazilərindən fərqləndirir. Əlahiddə Ordunun yaradılması, hərbi potensialın gücləndirilməsi, müasir texnika və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın təhlükəsizlik arxitekturasının ayrıca prioritet kimi nəzərdən keçirildiyini göstərir", - politoloq deyib.
T.Rzayevin sözlərinə görə, Prezident enerji təhlükəsizliyini fiziki təhlükəsizlikdən sonra ikinci mühüm amil kimi təqdim edib.
"Bu, Naxçıvanla bağlı strategiyanın əsas xüsusiyyətlərindən birini ortaya qoyur. Naxçıvanın enerji təminatı artıq yalnız daxili tələbatın ödənilməsi məsələsi kimi təqdim edilmir. Əsas məqsəd enerji təhlükəsizliyini tam təmin etdikdən sonra Naxçıvanı enerji ixrac edən məkana çevirməkdir", - deyə o bildirib.
Politoloq qeyd edib ki, 300 meqavatlıq istilik elektrik stansiyasının tikintisi, 50 meqavatlıq Günəş elektrik stansiyaları, yeni su elektrik stansiyaları, daha böyük Günəş enerjisi layihələri və batareya saxlanc sistemlərinin yaradılması vahid strategiyanın tərkib hissəsidir.
"Prezidentin təqdim etdiyi rəqəmlər bu ambisiyanın miqyasını göstərir. Naxçıvanda mövcud generasiya gücü təxminən 200 meqavatdır. Gələcəkdə isə yalnız Günəş enerjisi hesabına ən azı 500, hətta 1000 meqavatlıq potensialdan söhbət gedir. Burada məsələ sadəcə əlavə elektrik istehsal etmək deyil. Əsas məsələlərdən biri də bu enerjinin xarici bazarlara çıxarılmasıdır", - T.Rzayev vurğulayıb.
Onun sözlərinə görə, Naxçıvanın Azərbaycanın ümumi enerji ixrac strategiyasına daxil edilməsi muxtar respublikanın regional əhəmiyyətini daha da artırır.
"Prezident Naxçıvandan Türkiyəyə, İrana və perspektivdə Avropaya enerji ixracını mümkün istiqamətlər kimi göstərir. Buradan çıxan nəticə odur ki, Naxçıvanın coğrafi təcrid xüsusiyyəti müəyyən mənada iqtisadi üstünlüyə çevrilməyə çalışılır", - politoloq qeyd edib.
Turan Rzayev Zəngəzur dəhlizinin Naxçıvanın gələcək inkişafında xüsusi rol oynayacağını da bildirib:
"Müsahibənin siyasi-strateji baxımdan ən əhəmiyyətli hissələrindən biri, şübhəsiz, Zəngəzur dəhlizi ilə bağlıdır. Prezidentin təqdim etdiyi mənzərədə Zəngəzur dəhlizi yalnız dəmir yolu və ya avtomobil yolu layihəsi deyil. Bu, gələcəkdə nəqliyyat, enerji, fiber-optik kommunikasiya və digər infrastruktur xətlərinin keçəcəyi çoxfunksiyalı regional bağlantı kimi nəzərdən keçirilir".
Politoloqun fikrincə, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin bərpası muxtar respublikanın iqtisadi potensialını ciddi şəkildə dəyişə bilər.
"Naxçıvan bu halda sadəcə son nöqtə deyil, böyük nəqliyyat marşrutlarının üzərində yerləşən tranzit mərkəzə çevrilir. Burada 15 milyon tonluq yükötürmə qabiliyyəti məsələsi xüsusilə diqqət çəkir. Hazırkı dəmir yolunun təxminən 1,5 milyon ton yükötürmə qabiliyyətindən danışılırsa, gələcəkdə bunun 15 milyon tona çatdırılması hədəflənir. Bu, sadəcə dəmir yolunun bərpası deyil, tamamilə başqa miqyasda logistika sisteminin qurulması deməkdir", - deyə T.Rzayev bildirib.
O vurğulayıb ki, prosesdə əsas məsələlərdən biri vaxt faktorudur:
"Azərbaycan öz hissəsində işləri Ermənistan ərazisindəki proseslərə bağlamamalıdır. Azərbaycanın yanaşması ondan ibarətdir ki, öz üzərinə düşən infrastruktur işləri əvvəlcədən və mümkün qədər sürətlə həyata keçirilməlidir. Başqa sözlə, Azərbaycan öz ərazisindəki hazırlığı başa çatdırmaqla gələcək regional bağlantının texniki və iqtisadi bazasını əvvəlcədən formalaşdırmağa çalışır".
T.Rzayev Prezidentin Naxçıvanda idarəetmə modelinin təkmilləşdirilməsi ilə bağlı açıqlamalarına da diqqət çəkib:
"Prezident Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəliyi modelinin Naxçıvanda da tətbiq olunduğunu bildirir və bunu struktur islahatlarının tərkib hissəsi kimi təqdim edir. Burada mühüm məqam Naxçıvanın muxtar respublika statusunun saxlanılmasının ayrıca vurğulanmasıdır. Yəni söhbət muxtariyyət statusunun dəyişdirilməsindən deyil, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsindən gedir".
Politoloqun sözlərinə görə, yeni yanaşmada əsas məqsəd yalnız layihələrin həyata keçirilməsi deyil, onların icrasının daha çevik və effektiv koordinasiya edilməsidir.
"Prezidentin 'idarəetmə qaydaları təkmilləşməlidir' fikri də bu baxımdan əsas tezislərdən biridir. Məqsəd yalnız yeni layihələr həyata keçirmək deyil, həmin layihələrin icrasını daha çevik və mərkəzləşdirilmiş koordinasiya mexanizmləri ilə təmin etməkdir", - deyə o əlavə edib.
Turan Rzayev hesab edir ki, həyata keçiriləcək layihələr nəticəsində Naxçıvan yeni regional funksiyalar qazana bilər.
"Yeni modeldə Naxçıvan təhlükəsizlik baxımından möhkəmləndirilmiş, enerji baxımından özünü təmin edən və gələcəkdə ixrac edən, nəqliyyat baxımından Azərbaycanı Türkiyə və İranla daha sıx birləşdirən, sənaye və logistika baxımından yeni iqtisadi funksiyalar qazanan, turizm və kənd təsərrüfatı potensialını genişləndirən, idarəetmə baxımından isə daha çevik mexanizmlərlə idarə olunan regional mərkəz kimi təsəvvür edilir", - politoloq bildirib.
"Bu strategiyanın həyata keçməsi ilk növbədə dəhliz layihələrinin vaxtında reallaşmasından, infrastruktur layihələrinin ardıcıl icrasından, xarici və yerli investisiyaların cəlb edilməsindən və yeni idarəetmə mexanizmlərinin real nəticələr verməsindən asılı olacaq", - T.Rzayev vurğulayıb.
Politoloq qeyd edib ki, Prezidentin təqdim etdiyi strategiyanın əsas fərqi Naxçıvanın coğrafi mövqeyinə yanaşmada özünü göstərir:
"Naxçıvanın gələcəyi əvvəlki kimi Azərbaycanın əsas hissəsindən fiziki ayrılığın yaratdığı çərçivə ilə izah edilmir. Əksinə, həmin coğrafi mövqe qarşıdakı mərhələdə Naxçıvanı Azərbaycanın regional bağlantılar sistemində mühüm qovşaqlardan birinə çevirməli olan əsas üstünlüklərdən biri kimi təqdim olunur".