Naxçıvan üçün operativ qərarvermə vacibdir

Naxçıvan üçün operativ qərarvermə vacibdir
12:12

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinə verilən yeni statusun dövlət idarəçiliyində çevikliyi artıracağı və koordinasiya imkanlarını gücləndirəcəyi bildirilir.

News365.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, vaxtilə blokada şəraitində yaşayan Naxçıvan bu gün regionun mühüm nəqliyyat və iqtisadi qovşaqlarından birinə çevrilməkdədir və bu mərhələdə idarəetmənin çevikliyi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, böyük infrastruktur layihələrinin icrası vahid koordinasiya və operativ qərarvermə tələb edir:

“Naxçıvanda strateji layihələr həyata keçirilirsə – yol, enerji, logistika layihələri reallaşdırılırsa, bu zaman müxtəlif dövlət qurumları arasında koordinasiya xüsusi əhəmiyyət daşıyır. Əgər yerli nümayəndənin statusu bu koordinasiyanı təmin etmək üçün kifayət etmirsə, qərarların icrası da uzanır”.

Zahid Oruc qeyd edib ki, Prezidentin müəyyən etdiyi vəzifələri yerlərdə icra edən strukturlar çevik qərarvermə imkanına malik olmalı və mərkəzi hakimiyyətlə birbaşa işləməlidir:

“Təklif olunan dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, Prezidentin səlahiyyətli nümayəndəliyi artıq birinci kateqoriya dövlət orqanı statusu alır, adi inzibati vəzifə sistemindən çıxaraq birbaşa Prezidentə tabe olan xüsusi institut kimi fəaliyyət göstərir”.

Deputat hesab edir ki, layihə idarəetmə sistemində xüsusi nümayəndəlik institutunun rolunu gücləndirəcək:

“Bu dəyişiklik xüsusi nümayəndələrin statusunun və məsuliyyətinin artırılmasına xidmət edir”.

Zahid Oruc çıxışında Qarabağ və azad edilmiş ərazilərdə tətbiq edilən modelə də toxunub:

“Qarabağda və azad olunmuş ərazilərdə eyni institut fəaliyyət göstərir və həmin nümayəndələr yeni dövlət quruculuğunun əsas dayaqlarına çevriliblər. Onlar həm dövlət strukturları, həm də məskunlaşan əhali ilə gündəlik işdə sınaqdan keçirlər”.

Deputat bildirib ki, aparılan sorğular da bu modelə ictimai dəstəyin yüksək olduğunu göstərir:

“Məskunlaşan əhalinin 56 faizi nümayəndələrin fəaliyyətindən razıdır, 30 faizi isə əsasən razılığını bildirir. Bu rəqəmlər yüksək ictimai etimadın göstəricisidir”.
 


Sizin reklam burada
Sizin reklam burada