Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanır.
News365.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün iclası keçiriləcək.
Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdə çoxluğu, azlığı və heç bir siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarına üzvlük üçün namizədlər təqdim edəcəklər.
Qeyd edək ki, hər dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Onlardan 3-nün namizədliyi Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı – hazırda Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən üzvlər tərəfindən irəli sürülür.
Daha 3 üzvün namizədliyi parlamentdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən üzvlər, qalan 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.
DSK-ların yeni tərkibinin formalaşdırılması ilə bağlı qərar və üzvlərin siyahısı rəsmi mətbuatda dərc ediləcək.
Yeni tərkiblə bağlı məlumatlar MSK-nın rəsmi internet səhifəsində də ictimaiyyətə açıqlanacaq.