Səhiyyə Nazirliyi “Vital Hospital”la bağlı QƏRAR VERDİ

Səhiyyə Nazirliyi “Vital Hospital”la bağlı QƏRAR VERDİ
17 Sen 2026 12:21
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ qanunun 16.1-ci maddəsinə əsaslanaraq, 21-23 iyul 2026-cı il tarixləri arasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Vital Hospital” kimi tanınan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də plandankənar yoxlama keçirildiyi barədə geniş ictimaiyyət məlumatlandırılıb. Yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verə biləcək bir sıra qanun pozuntuları aşkar edilib, klinikanın fəaliyyəti müvəqqəti dayandırılıb, çatışmazlıqların aradan qldırılması üçün MMC rəhbərliyinə iki həftə vaxt verilib. Sahibkara müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcəyi və nəticəyə uyğun müvafiq addımlar atılacağı barədə xəbərdarlıq edilib.

Bu barədə News365.az-a qurumdan məlumat verilib. 

Bildirilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən 13-14 avqust 2026-cı il tarixlərində həmin klinikada təkrar yoxlama keçirilib. Təkrar yoxlama zamanı əvvəlki yoxlama materiallarında qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində müəssisə tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi müəyyən edilib.

Aparılan təkrar yoxlamanın nəticələrinə əsasən müəyyən edilib ki, əvvəlki yoxlama zamanı xüsusən, doğuşayardım xidmətinin təşkili ilə bağlı qeyd olunan əsas nöqsanların aradan qaldırılması istiqamətində müəssisə tərəfindən məqsədyönlü və kompleks tədbirlər həyata keçirilib.

Doğuşayardım xidmətinin struktur-funksional təşkili, pasiyentlərin qəbulu və mamalıq müşahidəsi, doğuş prosesinin təşkili, operativ mamalıq yardımına hazırlıq, sanitariya-epidemioloji rejim, sterilizasiya və dezinfeksiya, tibbi avadanlıqların yerləşdirilməsi, tibbi tullantıların idarə olunması, tibbi sənədləşmə üzrə əvvəlki iradların aradan qaldırılması təmin edilib. Mövcud təşkilati tədbirlər doğuşayardım xidmətinin təhlükəsizliyinin, tibbi yardımın fasiləsizliyinin və ana və yenidoğulmuşun təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.

Səhiyyə Nazirliyinin doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə bağlı normativ yanaşmalarında müəssisə rəhbərliyinin doğuşayardım fəaliyyətinə nəzarəti, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə konkret tədbirlərin görülməsi və tibb işçilərinin vəzifə təlimatlarına riayət etməsinə nəzarətin gücləndirilməsi xüsusi vurğulanır.

Qanunvericiliyə müvafiq olaraq mərkəz tərəfindən özəl tibb müəssisəsində 21 iyul 2026-cı il və 14 avqust 2026-cı il tarixlərində keçirilən xidməti yoxlamalar zamanı tərtib edilmiş sənədlər növbəti icraata göndərilib. Müəssisədə keçirilən sonuncu yoxlamada aşkar edilən nöqsanların aradan qaldırılmasını, eyni zamanda ekspert rəyləri də nəzərə alınmaqla yoxlama prosesinin yekunlaşdığı klinika rəhbərliyinin diqqətinə çatdırılıb.

 


Sizin reklam burada
Sizin reklam burada