Qəbələdən Türk dünyasına uzanan xətt – TƏHLİL

Qəbələdən Türk dünyasına uzanan xətt – TƏHLİL
11:00

Azərbaycan dünyəvi dövlət olsa da, dini dəyərlərə münasibətdə inkarçı mövqe nümayiş etdirmir. Əksinə, müxtəlif din və məzhəblərə mənsub insanların birgə və sülh şəraitində yaşaması ölkənin dövlət siyasətində xüsusi yer tutur.

Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər də Azərbaycanın bu istiqamətdəki yanaşmasını bir daha ortaya qoyub.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Prezidentin çıxışında Azərbaycanın mövqeyi üç əsas istiqamətdə özünü göstərib.


“Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Eyni zamanda, İslam coğrafiyasının ayrılmaz hissəsidir. Əslində, bu üç istiqamət Azərbaycanın dövlətçilik və milli kimlik modelində bir-birini tamamlayır”, - politoloq deyib.

Onun sözlərinə görə, müasir geosiyasi reallıqlarda ölkələrin regional təsiri yalnız siyasi və hərbi imkanlarla deyil, dini, etnik və mədəni əlaqələr üzərindən də formalaşır.

“Bakı konkret bir xətt üzrə liderlik iddiası ortaya qoymaq əvəzinə, üç istiqamət üzrə əməkdaşlıq modelinin formalaşmasına çalışır. Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib”, - Rzayev vurğulayıb.

Politoloq hesab edir ki, Azərbaycanın müxtəlif dini və etnik qrupların birgə yaşaması ilə bağlı təcrübəsi də bu yanaşmanın mühüm hissəsidir. Onun fikrincə, dini və məzhəblərarası qarşıdurmaların yaşandığı bir dövrdə fərqli inanclara malik insanların sülh şəraitində bir arada olması Azərbaycanın təqdim etdiyi modelin əsas xüsusiyyətlərindəndir.

“Prezidentin çıxışında Türk dünyası ilə sıx əlaqələrə, Qafqaz xalqları ilə qohumluq və dostluq münasibətlərinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Belə birgə tədbirlər yalnız dini liderlərin görüşü deyil, eyni zamanda müxtəlif xalqları və coğrafiyaları bir araya gətirən platformadır. Bu da dünyaya əməkdaşlıq və həmrəylik mesajı verir”, - deyə Turan Rzayev bildirib.

Ekspert Prezident İlham Əliyevin çıxışında Qafqaz Albaniyasına və Qəbələ şəhərinə toxunmasını da diqqətçəkən məqam kimi qiymətləndirib.

“Qafqaz Albaniyasının məhz Azərbaycanın ərazilərində mövcud olması və Qəbələnin bu dövlətin paytaxtlarından biri kimi təqdim edilməsi Azərbaycanın regiondakı tarixi mövcudluğuna diqqət çəkir. Burada söhbət yalnız qədim şəhərin tarixindən getmir. Eyni zamanda Azərbaycanın Qafqazdakı dövlətçilik və mədəniyyət ənənələrinin tarixi kökləri xatırladılır”, - politoloq qeyd edib.

Turan Rzayevin sözlərinə görə, Qafqaz Albaniyasının tarixi müxtəlif dini və mədəni təsirlərin bir arada mövcud olduğu mürəkkəb tarixi prosesləri əks etdirir.

“Qafqaz Albaniyasının irsi Azərbaycanın tarixi-mədəni yaddaşının mühüm hissəsidir. Bu irsin araşdırılması və beynəlxalq ictimaiyyətə təqdim edilməsi ölkəmizin tarixi və mədəni zənginliyinin tanıdılması baxımından əhəmiyyətlidir”, - o əlavə edib.

Politoloq hesab edir ki, Prezidentin çıxışında diqqətə çatdırılan əsas məqamlardan biri Azərbaycanın özünü yalnız bir kimlik çərçivəsində təqdim etməməsidir.

“Türk dünyası ilə bağlılıq, Qafqaz coğrafiyasına mənsubiyyət və İslam mədəniyyəti ilə əlaqələr Azərbaycanın tarixi təcrübəsində və müasir dövlətçilik yanaşmasında bir araya gəlir. Qəbələdən Bakıya, qədim Qafqaz Albaniyasından müasir Türk Dövlətləri Təşkilatına qədər uzanan xətt Azərbaycanın tarixi və müasir mövqeyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Turan Rzayev fikrini yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada