Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində siyasi və diplomatik proseslər davam etdiyi bir vaxtda tarixi irs və mədəni yaddaş məsələsi də tərəflər arasındakı müzakirələrin mühüm istiqamətlərindən biri olaraq qalır. Xüsusilə keçmişdə azərbaycanlıların yaşadığı ərazilərdə tarixi yaşayış məntəqələrinin, məscidlərin, qəbiristanlıqların və digər mədəni irs nümunələrinin taleyi ilə bağlı məsələlər Azərbaycan cəmiyyətində ciddi maraq doğurur.
Mövzu yalnız ayrı-ayrı tarixi abidələrin qorunması məsələsi ilə məhdudlaşmır. Söhbət eyni zamanda bir xalqın müəyyən coğrafiyada tarixən mövcudluğunun hansı formada qorunması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasından gedir. Bu baxımdan Qərbi Azərbaycanda azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti və həmin irsin beynəlxalq səviyyədə araşdırılması məsələsi son illərdə daha çox gündəmə gətirilir.
Politoloq Züriyyə Qarayeva News365.az-a açıqlamasında bildirib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və xarici diplomatların həmin ərazilərə səfəri Azərbaycanın daxili məsələsidir.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin bəzi dairələrində diplomatların Qarabağa səfərinə qarşı səsləndirilən etirazlar Azərbaycanın suverenliyinə münasibətlə yanaşı, tarixi irs məsələsində mövcud yanaşmaların da müzakirəsinə səbəb olur.
“Ermənistan bir tərəfdən Azərbaycan ərazisindəki ayrı-ayrı abidələri erməni irsi kimi təqdim etməyə çalışır, digər tərəfdən isə indiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların yaratdığı mədəni irsi tamamilə inkar edir”, - politoloq deyib.
Züriyyə Qarayeva hesab edir ki, məsələ yalnız tarixə fərqli yanaşmalarla izah oluna bilməz. Onun fikrincə, Ermənistanın ictimai-siyasi diskursunda azərbaycanlıların İrəvan, Göyçə, Zəngəzur və digər ərazilərdə tarixi mövcudluğunu şübhə altına alan yanaşmalar da müşahidə olunur.
“Halbuki həmin ərazilərdə mövcud olmuş Azərbaycan yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar, tarixi tikililər və yer adları xalqımızın bu coğrafiyadakı çoxəsrlik mövcudluğunun maddi sübutlarıdır. Bu faktların inkar edilməsi Azərbaycan xalqının təkcə tarixdən deyil, bütöv bir coğrafiyanın mədəni yaddaşından çıxarılmasına xidmət edir”, - deyə o bildirib.
Politoloqun sözlərinə görə, Qərbi Azərbaycandakı mədəni irsin vəziyyəti ayrıca araşdırılmalı və mövcud tarixi materiallar sistemləşdirilməlidir.
“Tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların, qədim yaşayış yerlərinin və digər maddi mədəniyyət nümunələrinin məhv edilməsi ayrı-ayrı vandalizm halları kimi qəbul edilə bilməz. Bu proses regionun etnik-mədəni mənzərəsinə təsir edən daha geniş yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər”, - Qarayeva vurğulayıb.
O qeyd edib ki, mədəni irsin məhv edilməsi ilə yanaşı, Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsi də tarixi yaddaş məsələsini gündəmə gətirir.
“Burada təkcə daş və tikililərdən söhbət getmir. Bir xalqın tarixi mövcudluğunu təsdiqləyən bütöv yaddaş sistemi var. Qəbiristanlıqların dağıdılması nəsil yaddaşına, məscidlərin və digər dini tikililərin yox edilməsi isə həmin ərazilərin dini-mədəni keçmişinə təsir göstərir. Tarixi yaşayış məkanlarının izsizləşdirilməsi isə gələcəkdə azərbaycanlıların həmin ərazilərdə yaşamadığı barədə iddiaların ortaya çıxmasına zəmin yarada bilər”, - politoloq deyib.
Züriyyə Qarayeva hesab edir ki, bu məsələnin beynəlxalq hüquq və mədəni irsin qorunması prinsipləri çərçivəsində araşdırılması vacibdir.
“Azərbaycan mədəniyyət abidələrinin qəsdən məhv edilməsi beynəlxalq hüququn və mədəni irsin qorunması ilə bağlı qəbul olunmuş prinsiplərin kobud şəkildə pozulmasıdır. Mədəni irs hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq, siyasi mübahisələrin və etnik qarşıdurmaların qurbanına çevrilməməlidir”, - o bildirib.
Politoloq Qərbi Azərbaycandakı Azərbaycan irsinin sənədləşdirilməsi üçün arxiv materiallarının, köhnə xəritələrin, fotoşəkillərin, səyyah qeydlərinin və digər tarixi mənbələrin sistemləşdirilməsinin əhəmiyyətini də vurğulayıb.
Onun fikrincə, Ermənistanla davamlı sülh yalnız siyasi razılaşmalar və sərhədlərin tanınması ilə məhdudlaşmamalıdır.
“Barışıq qarşı tərəfin tarixini, yaddaşını və mədəni hüquqlarını qəbul etməyi də tələb edir. Qərbi Azərbaycandakı mədəni irsin taleyinin gündəmə gətirilməsi revanşizm deyil, tarixi ədalətin, mədəni hüquqların və ümumbəşəri irsin qorunması məsələsidir”, - Qarayeva qeyd edib.
Politoloq hesab edir ki, sülh prosesinin davamlı olması üçün tərəflər arasında tarixi və mədəni irslə bağlı məsələlər də açıq şəkildə müzakirə olunmalıdır.
“Ermənistan sülh niyyətində səmimidirsə, Azərbaycan mədəni irsinin mövcudluğunu inkar etməkdən imtina etməli, dağıntıların araşdırılmasına və beynəlxalq mütəxəssislərin həmin ərazilərə çıxışına şərait yaratmalıdır. Sülh müqaviləsi dövlətlər arasındakı münasibətləri hüquqi baxımdan tənzimləyə bilər. Lakin xalqlar arasında etimad yalnız tarixi həqiqətə və qarşı tərəfin yaddaşına hörmətlə formalaşa bilər”, - deyə Züriyyə Qarayeva fikrini yekunlaşdırıb.