Türk dünyasının birliyi dəyişən dünya nizamında xüsusi siyasi məna daşıyır. Azərbaycan isə həm coğrafi mövqeyi, həm tarixi-mədəni bağları, həm də regional imkanları baxımından bu prosesdə mühüm əlaqələndirici rol oynayır. Bakıda Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələrin, eləcə də Qafqaz və digər regionların təmsilçilərinin bir araya gəlməsi əməkdaşlığın yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmadığını, ictimai, dini və mədəni sahələri də əhatə etdiyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında Türk dünyasının birliyinə xüsusi diqqət yetirməsi də bu baxımdan diqqətçəkən məqamdır. Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ortaq maraqların daha effektiv şəkildə müdafiəsinə imkan yarada bilər.

Mövzu ilə bağlı fikirlərini News365.az-a bölüşən Ülviyyə Zülfüqar bildirib ki, Azərbaycan həm Türk dünyasının bir hissəsi, həm də Qafqaz ölkəsi kimi iki mühüm coğrafi-siyasi məkan arasında əlaqələndirici mövqeyə malikdir:
“Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsi olaraq Türk Dövlətləri Təşkilatının Qafqazda yerləşən üzvüdür. Bu baxımdan ölkəmiz siyasi baxımdan birləşdirici xarakter daşıyır.
Türk dövlətlərinin birliyi ilə yanaşı, Qafqazın və digər regionların nümayəndələrinin Bakıda bir araya gəlməsi göstərir ki, bu əməkdaşlıq yalnız rəsmi münasibətlərə əsaslanmır. Birliyin ictimai, dini və mədəni müstəvidə də dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının belə tədbirlərin xalqları daha da yaxınlaşdırdığına dair yanaşması da mühüm mesajdır”.
Ekspertin sözlərinə görə, Türk dünyasının birliyinə çağırış hazırkı beynəlxalq münasibətlər fonunda daha böyük siyasi məna kəsb edir:
“Dövlət başçısının çıxışlarında Azərbaycanın uzun illər üzləşdiyi münaqişə və ədalətsizlik məsələləri də xatırladılır. Ayrı-ayrılıqda dövlətlər müxtəlif çağırışlarla üzləşə bilər. Lakin birlik və qarşılıqlı dəstək onların beynəlxalq müstəvidə mövqeyini gücləndirir.
Bu birlik yalnız ortaq dil, tarix və mədəniyyət üzərində qurulmur. Eyni zamanda iqtisadi əməkdaşlıq, siyasi əlaqələrin inkişafı, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi də mühüm istiqamətlərdir. Türk dövlətləri arasında iqtisadi və siyasi münasibətlərin dərinləşməsi ümumi birliyin güclənməsinə və onun beynəlxalq nüfuzunun artmasına təsir göstərə bilər”.
Ülviyyə Zülfüqar vurğulayıb ki, Azərbaycanın təcrübəsi beynəlxalq sistemdə milli maraqların müdafiəsi üçün yalnız dövlətin öz imkanlarının deyil, etibarlı tərəfdaşlıqların və ortaq mövqenin də əhəmiyyətli olduğunu göstərir:
“Türk dünyasının güclənməsi ortaq maraqlar çərçivəsində dövlətlərin bir-birinin imkanlarını tamamlaması deməkdir. Azərbaycan isə Türk dünyasının Qafqaza açılan əsas bağlantılarından biri kimi bu əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Dövlət başçısının mesajlarında birlik, tarixi və mədəni yaxınlıq, dəyişən dünya nizamında Türk dövlətlərinin öz sözünü daha yüksək səsləndirməsi və hər bir ölkənin mövqeyinin möhkəmləndirilməsi əsas istiqamətlər kimi önə çıxır”.