Lavrov-Rubio görüşü: Ukrayna müharibəsi ilə bağlı hansı razılaşma müzakirə olunacaq?

Lavrov-Rubio görüşü: Ukrayna müharibəsi ilə bağlı hansı razılaşma müzakirə olunacaq?
11:20

ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı diplomatik təmaslar yenidən gündəmə gəlib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın sonunda Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyini açıqlayıb.

Görüşün BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilməsi gözlənilir. Lavrovun sözlərinə görə, Ukraynadakı vəziyyət və Vaşinqtonun mövqeyi əsas müzakirə mövzularından olacaq. Görüşün dəqiq tarixi isə hələ açıqlanmayıb.

Bu, tərəflərin son aylarda Ukrayna müharibəsi ilə bağlı ikinci yüksək səviyyəli təması olacaq. Lavrov və Rubio iyulun 23-də Manilada ASEAN toplantısı çərçivəsində də görüşüblər. Rubio həmin görüşdən sonra ABŞ-ın müharibənin başa çatmasına kömək etmək üçün konstruktiv rol oynamağa hazır olduğunu bildirib.

Bəs Nyu-York görüşündə hansı məsələlər müzakirə oluna bilər?

Siyasi şərhçi, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında bildirib ki, Vaşinqton-Moskva xəttində diplomatik təmasların intensivləşməsi müəyyən nəticə əldə etmək cəhdindən xəbər verir.


Onun sözlərinə görə, ABŞ üçün daxili siyasi gündəm də mühüm amillərdən biridir.

“ABŞ-nin İranla bağlı siyasətində istənilən nəticəni əldə edə bilməməsi ölkə daxilində administrasiya üçün müəyyən siyasi problemlər yaradır. Bu baxımdan Vaşinqtonun Ukrayna məsələsində diplomatik irəliləyiş əldə etməsi daxili siyasi baxımdan da əhəmiyyətli ola bilər”, - deyə siyasi şərhçi bildirib.

Əli Zülfüqaroğlu hesab edir ki, ABŞ və Rusiya arasında diplomatik təmasların bərpasına baxmayaraq, konkret razılaşmanın əldə olunması hələ də qeyri-müəyyəndir.

“Diplomatik təmasların effektivliyi və konkret nəticə verəcəyi məsələsi açıq qalır. Son proseslər tərəflərin əsas mövqelərində ciddi dəyişiklik olmadığını göstərir. Rusiya öz tələblərindən geri çəkilmir, Ukrayna isə işğal olunmuş ərazilərdən imtina etmək niyyətində deyil”, - ekspert qeyd edib.

Onun fikrincə, mümkün danışıqlarda sanksiyalar, ərazi məsələsi, təhlükəsizlik təminatları və atəşkəs mexanizmləri əsas müzakirə mövzuları sırasında ola bilər.

“ABŞ-nin mümkün yanaşmalarından biri Rusiyanın işğal etdiyi ərazilərin de-yure tanınması tələbindən geri çəkilməsi, bunun qarşılığında isə iqtisadi sanksiyaların yumşaldılması və ABŞ-Rusiya iqtisadi əlaqələrinin bərpası ola bilər. Ukrayna tərəfinə isə mövcud cəbhə xəttinin faktiki vəziyyətinin qəbul edilməsi və danışıqlar prosesinin başlanması təklif edilə bilər”, - deyə Zülfüqaroğlu bildirib.

Siyasi şərhçi əlavə edib ki, təhlükəsizlik təminatları məsələsi də danışıqların ən mürəkkəb istiqamətlərindən biri olaraq qalır.

“Rusiyanın NATO-ya bənzər təhlükəsizlik mexanizmlərini qəbul etməməsi, eləcə də Donetsk və Luqansk məsələsində tərəflərin mövqelərinin kəskin fərqlənməsi sülh prosesinin qarşısında ciddi maneələr yaradır”, - o vurğulayıb.

Əli Zülfüqaroğlu cəbhədəki proseslərin də danışıqların gedişinə təsir göstərə biləcəyini düşünür. Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi tərəflərin danışıqlar masasında mövqelərinə birbaşa təsir göstərir.

“Enerji infrastrukturu və logistik mərkəzlərə zərbələr, cəbhədə mövqelərin dəyişdirilməsi və qarşı tərəfin müqavimət imkanlarının zəiflədilməsi cəhdləri davam edir. Bu baxımdan qarşıdakı qış dövrü müharibənin gedişatı baxımından mühüm mərhələ ola bilər”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Lavrov-Rubio görüşünün nəticəsi və tərəflərin hansı konkret təkliflərlə çıxış edəcəyi yalnız danışıqlardan sonra məlum olacaq.


Sizin reklam burada
Sizin reklam burada