Prezident və xanımı “Nəsimi Bağları”nda - YENİLƏNDİ+ FOTOLAR

Prezident və xanımı “Nəsimi Bağları”nda - YENİLƏNDİ+ FOTOLAR
16:40

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olublar.

News365.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barədə məlumat verib.

“Nəsimi Bağları” kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirilmələri üçün yaradılmış növbəti bir məkandır.

Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub.

Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən “Nəsimi Bağları” kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.

Ərazidəki üçmərtəbəli əsas bina kompleksin informasiya və turizm mərkəzi funksiyasını yerinə yetirir. Burada ziyarətçilərə “Nəsimi Bağları”ndakı məkanlar, turist marşrutları və xidmətlər barədə məlumat verilir. Binanın daxilində ziyarətçilərin rahat və səmərəli vaxt keçirmələri üçün “Capybara Cafe” və suvenir mağazası var.

Dördmərtəbəli digər korpusda Şamaxının gədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var.

Kompleks ərazisindəki “Magic Village” hobbit evləri üslubunda inşa edilən tematik evlər, əsasən uşaqların maraqla qarşılayacağı “Honey Nest” kafesi, geniş uşaq oyun meydançası və hündürlüyü 9 metr olan baxış qülləsindən ibarətdir. Buradakı evlər tam yaşayış şəraiti ilə təmin edilib və turistlərin ilboyu qalması üçün nəzərdə tutulub.

Qeyd edək ki, burada Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması -“Capybara Land” var. Fermada heyvanları yaxından görmək, toxunmaq və yemləmək mümkündür.

Kompleks ərazisində Azərbaycan, eləcə də xarici rəssam və heykəltaraşların yaratdığı 100-dən çox əsər və instalyasiya nümayiş etdirilir. Burada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış abidəsi (instalyasiyası) də var. Hündürlüyü 21 metr olan instalyasiya nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir çox yerindən görünür.

“Nəsimi Bağları” kompleksində 20 kottec, qeydiyyat binası və çimərlik hovuzundan ibarət şəhərcik də salınıb.

Kompleksdə, eyni zamanda, məscid də fəaliyyət göstərir.

Ərazidə şam ağacları, üzüm bağları, müxtəlif dekorativ bitkilər, həmçinin dünyada ən sürətlə böyüyən ağac növlərindən hesab edilən pavlovniya da daxil olmaqla 150 mindən çox ağac və bitki əkilib.


























***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.

News365.az xəbər verir ki, “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlətimizin başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” barədə məlumat verərək dedi ki, kompleks çoxfunksiyalı turizm və istirahət məkanıdır.

Bildirildi ki, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks özündə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını birləşdirir.

Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq mövcuddur. Bundan əlavə, kompleksin ərazisində 3 villa da yerləşir.

Burada fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti, sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb.

Kompleksdə 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi qurulub.

Helikopter meydançası isə zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etmələri üçün nəzərdə tutulub. Kompleksdə restoranlar da fəaliyyət göstərəcək.

Ərazidə Nəsimi Konfrans Mərkəzi də yerləşir. Ümumilikdə 420 nəfərlik mərkəzdə konfransların, toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, kompleksin ərazisində daha kiçikmiqyaslı tədbirlər və görüşlərin təşkili məqsədilə zal da var.

Kompleksdə qapalı və açıq avtomobil dayanacağı zonaları yaradılıb.

Burada ümumilikdə 320 yeni iş yeri açılıb.

Qeyd edək ki, qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti və özünəməxsus mülayim iqlimi ilə seçilən Şamaxı Azərbaycanın cəlbedici turizm məkanlarından biridir. Dağ mənzərələri, üzüm bağları, qədim abidələri və qonaqpərvərlik ənənələri bu bölgəni istirahət və səyahət üçün həm yay, həm də qış fəslində əlverişli edir. Şamaxıda yeni hotelin açılması isə turizm infrastrukturunun inkişafına töhfə olaraq yerli və xarici qonaqların rahat istirahəti, rayonun turizm potensialından daha səmərəli istifadəsi və yerli iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradacaq.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.

News365.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Sizin reklam burada
Sizin reklam burada