İnternetdə əxlaqdankənar paylaşımlar və etik çərçivələri aşan hərəkətlər artıq təkcə ictimai qınaqla deyil, birbaşa ciddi hüquqi nəticələrlə qarşılaşır. Rəqəmsal məkanı daha təhlükəsiz və sağlam saxlamaq məqsədilə qanunvericiliyə edilən son dəyişikliklər sosial şəbəkə istifadəçilərindən daha məsuliyyətli davranmağı tələb edir.
Vəkil Mircavid Miriyev İnzibati Xətalar Məcəlləsinə edilən yeniliklərin detallarını və gözlənilən sanksiyaları belə izah edib:
İlkin pozuntuya görə tətbiq edilən cəzalar
Cərimə: İnternet resurslarında ictimai mənəviyyatı təhqir edən, söyüş söyən, etikaya zidd jestlər edən və ya bədən hissələrini milli-mənəvi dəyərlərə zidd şəkildə nümayiş etdirənlər 500 manatdan 1000 manatadək cərimələnir.
İnzibati həbs: İşin mahiyyətindən və şəxsin əməlindən asılı olaraq cərimə kifayət sayılmadıqda, 1 ayadək inzibati həbs cəzası verilə bilər.
Əməlin təkrar törədilməsinə görə məsuliyyət
Qərar qüvvəyə mindikdən sonra 1 il ərzində eyni hal yenidən təkrarlanarsa, cərimənin məbləği 1000 manatdan 2000 manatadək artırılır.
Təkrar pozuntu zamanı inzibati həbs müddəti 1 aydan 2 ayadək təyin oluna bilər.
Reklam verənlər və paylaşım edənlər üçün xəbərdarlıq İXM-in 510.2-ci maddəsinə əsasən, məsuliyyət yalnız videonu və ya şəkli çəkən şəxsin üzərinə düşmür. Bu məzmunları reklam məqsədilə istifadə edən, öz səhifələrində yayan və ya kütləviləşdirən şəxslər də eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu səbəbdən internetdə yayımlanan hər bir reklam və media materialı qanunun tələblərinə tam cavab verməlidir.