“Qardaş sözünə yox, sənədə güvənin” - Vəkildən miras xəbərdarlığı

“Qardaş sözünə yox, sənədə güvənin” - Vəkildən miras xəbərdarlığı
15:10

Qardaşlar arasında miras mübahisələri zamanı verilən şifahi vədlər sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər. Xüsusilə daşınmaz əmlakın bir şəxsin adına keçirilməsi və digər vərəsələrin mirasdan imtina etməsi gələcəkdə həmin şəxslərin pay hüququnu itirməsi ilə nəticələnə bilər.

News365.az xəbər verir ki, bu barədə “Radio Vəkil” proqramında vəkil Aysel Əhmədova dinləyicinin mirasla bağlı sualını cavablandırarkən danışıb.

Proqramda dinləyici bildirib ki, ata və anası vəfat etdikdən sonra ailəyə məxsus ev və torpaq üç qardaşdan birinin adına keçirilib. Onun sözlərinə görə, digər iki qardaşın mirasdan imtina etməsi tələb olunub. Kiçik qardaş isə əmlakı satacağı təqdirdə əldə olunan vəsaiti üç qardaş arasında böləcəyinə söz verib. Lakin sonradan əmlakın onların xəbəri olmadan satıldığı və digər qardaşlara pay verilməyəcəyi bildirilib.

Məsələ ilə bağlı hüquqi vəziyyəti izah edən Aysel Əhmədova qeyd edib ki, şəxs mirasdan rəsmi qaydada imtina etdikdən sonra həmin paya dair hüququnu sonradan tələb etmək məsələsi ciddi hüquqi əsaslara bağlı olur.

Vəkilin sözlərinə görə, əgər şəxs həqiqətən mirasdan imtina etmək niyyətində deyilsə, əmlakın bir vərəsənin adına keçirilməsi əvəzinə hər bir vərəsənin öz payının rəsmiləşdirilməsi daha düzgün hüquqi yanaşmadır. Belə halda əmlak paylı mülkiyyət formasında rəsmiləşdirilə və hər bir şəxs öz payına uyğun hüquqlarını həyata keçirə bilər.

Aysel Əhmədova bildirib ki, mirasdan imtinanın sonradan mübahisələndirilməsi müəyyən hallarda mümkün olsa da, bunun üçün hüquqi əsas olmalıdır. Sadəcə olaraq şəxsin “məni aldatdılar”, “belə olacağını demişdilər” deməsi hər zaman imtinanın ləğvi üçün kifayət etməyə bilər.

Vəkil bu cür hallarda qohumlar arasında verilən şifahi vədlərə güvənməməyi, bütün razılaşmaları rəsmi sənədlərlə rəsmiləşdirməyi tövsiyə edib:

“Belə məsələlərdə çox diqqətli olmaq lazımdır. Nə qərar qəbul ediriksə – ev alırıq, torpaq alırıq, satırıq və ya mirasla bağlı razılığa gəlirik – hər şey müqavilə və rəsmi sənədlər çərçivəsində olmalıdır. Sözə aldanmaq olmaz”.

Aysel Əhmədova vəsiyyətnamə məsələsinə də diqqət çəkərək bildirib ki, şəxsin sağlığında “bu evi sənə verdim” və ya “sənə vəsiyyət etdim” deməsi öz-özlüyündə hüquqi təminat yaratmır. Belə iradənin hüquqi qüvvəyə malik olması üçün qanunvericiliyin tələb etdiyi qaydada rəsmiləşdirilməsi və təsdiqlənməsi vacibdir.

Vəkil vurğulayıb ki, əmlak və miras məsələlərində yalnız şifahi razılaşmalara əsaslanmaq sonradan tərəflər arasında mübahisələrə səbəb ola bilər. Buna görə də verilən qərarların hüquqi sənədlərlə təsdiqlənməsi vərəsələrin gələcək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada