Mübahisəli debatlar nəyi həll edir?- Tural İrfan yazır

Mübahisəli debatlar nəyi həll edir?- Tural İrfan yazır
01 May 2025 09:19
Mübahisəli debatlar heç nəyi həll etmir. Əgər həll etsə idi 1400 illik məzhəb didişmələrinə mövzu olan məsələlərin bircəciyi indiyə kimi həll olunardı...
İndiki halda dini mövzulu mübahisəli debatlar cəmiyyət üçün meyxanaçıların deyişməsi, xoruz döyüşü təsiri bağışlayır. İnsanlar bu debatlardan mənəvi qida almır, sadəcə futbol oyunu sayaq izləyib azarkeşlik edirlər. Sonra da rəylərdə söyüşürlər. Mövzular və məsələlər üzərindən bəhrə götürməkdən çox şəxsiyyətlərə pərəstiş və azarkeşlik, tərəfkeşlik edirlər. Çoxu üçün mövzu və mahiyyət önəmli deyil, əsas onun pərəstiş etdiyi tərəfin cədəldə qalib gəlməsi, digərini səhv çıxarmasıdır.
Mövzu və məsələlərə yanaşma metodu və metodologiyası tamamilə yanlışdır. Dini mövzulu müzakirələr şou xarakterli mahiyyətdən kənar olmalı, ciddi xarakter daşımalıdır.
Ölkədə qadağan olunmuş bəzi dini kitablar elə məhz bu üsul və üslubdakı debat xarakterli olduğu üçün qadağan edilib. İndi həmin kitablardakı mövzuları efirə çıxarmaq anlaşılmazdır və təəccüb doğurur.
Dini mövzuda hansısa məsələ teledebat formatında həllini tapmayıb. Bunun nümunəsi yoxdur. Yutub kanallarında illərdir müxtəlif məzhəb və cərəyanların üzvləri saysız videolar çəkərək bir - birinə cavablar verir, tənqid edir, hətta təkfir edirlər. Bu illər ərzində hansı məsələni həll ediblər? Heç birini. Əksinə daha da gərginlik yaranıb. İndi eyni xarakter daşıyan mövzuları daha geniş auditoriyaya daşıyıb cəmiyyəti iki və daha çox cəbhəyə parçalamağın, çaşqınlıq yaratmağın fəlsəfəsini anlamaq üçün hələ düşünürəm...
Müsəlmanları tarix boyu firqələrə, tirələrə bölən bu mübahisələrin, debatların, höcətləşmələrin hansı müsbət nəticəsi olub ki, yalnız hissləri soyutmağa, müvəqqəti "qələbə hissi"ndən xumarlanmağa yarayan bu ənənəvi orta əsr metodundan indi də istifadə olunur?
Bu mübahisə və debatlara can atan şəxslərin qərəzli, subyektiv fikirlərini dinlədikcə yalnız qarşıdakını "neprav" çıxarmağa, deyişmədə qalib gəlib alqış almağa, şöhrət qazanmağa hesablandığını görməmək mümkün deyil. Deyişmələrə can atanlar cəmiyyətin hansı fayda qazanacağını, hansı mənəvi qida alacağını, xalqımıza, dövlətimizə nə kimi töhfə verəcəyini əsla düşünmürlər. Nəticədən asılı olmayaraq sadəcə ora çıxmaq, deyişmək və qarşıdakını səhv çıxarmaq. Səhv çıxarılan da gedib evdə oturub təkrar video çəkib yenidən özünü düz çıxarmağa, ona haqsızlıq edildiyini deməyə başlayır. Beləcə, zəncirvari olaraq bu mübahisələr davam edərək gedir.
Nə etməli?
Nəsib olsa, geniş auditoriyaya müraciət imkanı yaransa bu kimi məsələləri necə nizama salmağın, hansı üsul və metodlarla ortaq məxrəcə gətirməyin yollarını izah edərik.
Hər işdə öncə dövlətin, xalqın hansı faydanı götürəcəyi nəzərə alınmalıdır. Cəmiyyətdə çaşqınlıq və ikitirəlik yaratmağa yox, vəhdət və məhəbbət yaratmağa yönəlik metodlardan istifadə olunmalıdır. Məsələni, mövzunu şəxsiyyətlər üzərində qurmaq da kökündən yanlışdır. Şəxslərin iddiaları, tərənnüm, təbliğ etdiyi fikir və ideologiyaların kökü, mahiyyəti, ziyanı yaxud faydası üzərində qoyulmalıdır məsələ, şəxsin özünün üzərində səthi olaraq deyil...
Tural Irfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada