Dərs ilinin başlaması ilə Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarda sərnişin sıxlığı kəskin artıb.
News365.az xəbər verir ki, xüsusilə səhər saatlarında qatarlara minmək ciddi problemə çevrilib. Sərnişinlər yer tutmaq üçün bir-biri ilə mübahisə edir, vaqonlara daxil olmaq üçün böyük izdiham yaranır.
Bu gün Sumqayıtdan saat 08:52-də yola düşən qatarda da analoji vəziyyət yaşanıb. Sıxlıq o həddə çatıb ki, sərnişinlər bir-birini tapdalayacaq vəziyyətə düşüb, bəzi insanlar hətta qatardan düşməkdə çətinlik çəkib.
İzdiham səbəbindən vaqonlarda hərəkət etmək də mümkün olmayıb. Yer çatışmazlığı o həddə çatıb ki, bəzi sərnişinlər qatarın ayaqyolusunun qapısını açıq saxlayaraq orada dayanmağa məcbur olublar.
Sərnişinlər yaranmış vəziyyətdən narazıdır. Onlar Bakı-Sumqayıt xəttində qatarların sayının artırılmasını və xüsusilə səhər saatlarında sərnişin sıxlığının aradan qaldırılmasını tələb edirlər.
Sakinlərin sözlərinə görə, hər gün bu cür şəraitdə gedib-gəlmək onlar üçün ciddi çətinlik yaradır:
“Bu cür getmək zülmdür. İnsanlar bir-birini tapdalayır. Qatarların sayı artırılmalıdır".
Sərnişinlər bildirirlər ki, dərs mövsümünün başlaması ilə sərnişin sayının artacağı əvvəlcədən bəlli olsa da, səhər saatlarında yaranan sıxlıq artıq dözülməz həddə çatıb.