"Türk dünyasının təhlükəsizliyi üçün birgə fəaliyyət vacibdir"

"Türk dünyasının təhlükəsizliyi üçün birgə fəaliyyət vacibdir"
11:30

Dünyada davam edən müharibə və silahlı münaqişələr təhlükəsizlik məsələlərini beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi və ortaq yanaşmaların formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bakıda TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüş də bu baxımdan diqqət çəkib.

Deputat Məlahət İbrahimqızı News365.az-a açıqlamasında Bakıda keçirilən toplantının Türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığının inkişafı baxımından mühüm hadisə olduğunu bildirib.

Deputatın sözlərinə görə, dünyada baş verən müharibə və silahlı qarşıdurmaların bir qisminin TDT-yə üzv ölkələrin yaxın coğrafiyasında cərəyan etməsi təhlükəsizlik sahəsində əməkdaşlığın daha sistemli şəkildə qurulmasını zəruri edir.

“Yaxın və uzaq coğrafiyamızda baş verən, sonu görünməyən müharibələr və silahlı münaqişələr fonunda TDT-nin təhlükəsizlik əməkdaşlığının Bakıda ayrıca və daha sistemli şəkildə müzakirə olunması böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Prezidentinin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi də xüsusi önəm kəsb edir”, - deyə M.İbrahimqızı qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər yalnız mövcud təhlükəsizlik çağırışları ilə məhdudlaşmayıb. Onun sözlərinə görə, çıxışda türk dövlətləri arasında siyasi, hərbi, iqtisadi və strateji əməkdaşlığın təhlükəsizlik məsələləri ilə uzlaşdırılmasının vacibliyi də diqqətə çatdırılıb.

Deputat hesab edir ki, qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda regional sabitliyin qorunması və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi daha aktual məsələyə çevrilib.

“Bu gün dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, genişmiqyaslı müharibələr və beynəlxalq hüququn norma və prinsiplərinin sınağa çəkildiyi proseslər regional sabitlik və təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər əhəmiyyətlidir”, - deyə o vurğulayıb.

M.İbrahimqızının sözlərinə görə, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı türk dövlətləri arasında təhlükəsizlik dialoqunun inkişafı baxımından yeni imkanlar yaradır. Rəsmi məlumata görə, görüşdə beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin də təhlükəsizlik əməkdaşlığında mühüm istiqamətlər olduğu vurğulanıb.

Deputat hesab edir ki, türk dövlətlərini birləşdirən ortaq dəyərlərlə yanaşı, onların coğrafi mövqeyi və iqtisadi imkanları da təşkilatın gələcək rolunu müəyyənləşdirən əsas amillərdəndir.

“Türk dünyasının geniş coğrafiyada yerləşməsi həm böyük imkanlar, həm də ciddi məsuliyyət yaradır. Bu ərazidən yalnız üzv ölkələr üçün deyil, daha geniş region üçün əhəmiyyət daşıyan enerji və nəqliyyat marşrutları keçir. Buna görə də türk dövlətlərinin təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyət göstərməsi xüsusi əhəmiyyət daşıyır”, - deyə M.İbrahimqızı bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin iqtisadi və demoqrafik potensialı da TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm baza yaradır.

M.İbrahimqızı bildirib ki, üzv ölkələrin iqtisadi göstəriciləri və artan qarşılıqlı ticarət əlaqələri təşkilatın imkanlarının geniş olduğunu göstərir. O, bu potensialın təhlükəsizlik, nəqliyyat, enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün istifadə edilməsinin vacibliyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada