Pakistanla Taliban arasında müharibə riski: “Eskalasiya arta bilər”

Pakistanla Taliban arasında müharibə riski: “Eskalasiya arta bilər”
15:30

Pakistanla Əfqanıstan arasında son dövrlərdə artan qarşılıqlı hərbi zərbələr iki ölkə arasında münasibətləri yenidən gərginləşdirib. Pakistan Əfqanıstan ərazisindəki zərbələrini silahlı qruplaşmaların mövqelərinə qarşı əməliyyat kimi təqdim edir, Əfqanıstanın Taliban hökuməti isə bu addımları ölkənin suverenliyinə qarşı hücum kimi qiymətləndirir.

Məsələ ilə bağlı News365.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Talibanın 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra Pakistanla Kabul arasında bir neçə dəfə silahlı qarşıdurma yaşanıb.

Onun sözlərinə görə, bu toqquşmaların əsas səbəblərindən biri Pakistanın ölkə daxilində fəaliyyət göstərən Pakistan Talibanı – TTP ilə bağlı təhlükəsizlik narahatlıqlarıdır. İslamabad TTP üzvlərinin Əfqanıstan ərazisində fəaliyyət göstərdiyini və burada sığınacaq əldə etdiyini iddia edir. Taliban hökuməti isə bu ittihamları qəbul etmir.

“Əsasən Pakistan tərəfindən Əfqanıstan ərazisində yerləşən Pakistan Talibanı adlandırılan hərbi qruplaşmaya qarşı hava zərbələri endirilib. Bu zərbələrə cavab olaraq Əfqanıstan Talibanı, yəni faktiki Əfqanıstan hökuməti tərəfindən də qarşılıq verilib. Bəzi hallarda isə yalnız bəyanatlarla kifayətlənmə müşahidə olunub”, – deyə politoloq bildirib.

Taleh Əliyev hesab edir ki, hazırkı gərginliyə baxmayaraq, vəziyyətin genişmiqyaslı müharibəyə çevrilməsi hələ real ssenari kimi görünmür.

Politoloqun fikrincə, Əfqanıstan hakimiyyəti Pakistanla hərbi potensial fərqini nəzərə alır və İslamabadla uzunmüddətli müharibəyə cəlb olunmaq Kabul üçün ciddi risklər yarada bilər.

“Əfqanıstan hakimiyyəti qüvvələr nisbətinin tam fərqindədir. Pakistan kimi hərbi baxımdan daha güclü ölkə ilə uzunmüddətli müharibə aparmaq Əfqanıstan üçün kifayət qədər ciddi nəticələr doğura bilər. Buna görə də hazırkı qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalını yüksək qiymətləndirmirəm”, – deyə Əliyev vurğulayıb.

Politoloq bununla belə, Pakistanın hava zərbələrinin intensivləşməsinin vəziyyəti dəyişə biləcəyini düşünür.

“Əgər Pakistan tərəfindən Əfqanıstana qarşı bu tip hərbi zərbələr intensiv xarakter alarsa, Əfqanıstan tərəfinin cavab zərbələri və əks-həmlələri ilə qarşılaşa bilərik. Lakin hazırkı vəziyyətin yeni və irimiqyaslı hərbi münaqişəyə çevrilməsi ehtimalı azdır”, – deyə Taleh Əliyev əlavə edib.

Hazırda tərəflər arasında əsas mübahisə Pakistanın TTP-yə qarşı mübarizəsi və bu qruplaşmanın Əfqanıstan ərazisindən fəaliyyət göstərməsi ilə bağlı qarşılıqlı ittihamlardır. 2026-cı ilin əvvəlindən etibarən sərhədyanı toqquşmalar və hava zərbələri bir neçə dəfə ciddi eskalasiyaya səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada