İtaliyada məktəblərdə dini və mədəni geyimlərlə bağlı yeni müzakirə başlayıb. Baş nazir Corcia Meloni hökumətin hazırladığı yeni tədbirlər paketində məktəblərdə burqa və niqab kimi üzü tam və ya əsasən örtən geyimlərin qadağan edilməsini, siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını və inteqrasiya problemi yaşayan xarici şagirdlərin valideynləri üçün italyan dili tələbinin tətbiqini açıqlayıb. Təkliflərin yaxın zamanda Nazirlər Şurasına təqdim olunacağı bildirilir.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Çingiz Şahbazi hesab edir ki, burada ilk növbədə üzün tam örtülməsi ilə yalnız başın örtülməsini bir-birindən ayırmaq lazımdır.
Politoloqun fikrincə, məktəbdə şagirdin üzünün açıq olması şəxsiyyətin müəyyənləşdirilməsi baxımından əsaslandırıla bilər. Lakin bu yanaşmanın dini geyim seçiminə şamil edilməsi ayrıca hüquqi və ictimai mübahisə yarada bilər.
“Dövlətin məktəbdə üzün tanınmasını tələb etməsi şagirdin və ya tələbənin şəxsiyyətinin müəyyənləşdirilməsi baxımından başadüşüləndir. Amma insanların dini geyim seçiminə, yəni hicab taxmasına müdaxilə etmək insan hüquqları baxımından mübahisəli məsələdir. Bu baxımdan üzü bağlayan niqabla üzü açıq saxlayan, yalnız başı örtən hicabı bir-birindən ayırmaq vacibdir”, – deyə Çingiz Şahbazi bildirib.
Politoloq hesab edir ki, hazırda məsələnin əsas diqqətçəkən tərəfi yalnız geyimlə bağlı deyil. Meloninin açıqladığı paket daha geniş inteqrasiya siyasətinin tərkib hissəsi kimi təqdim olunur. Buraya xarici şagirdlərin siniflərdə sayının məhdudlaşdırılması və ciddi inteqrasiya problemi yaşayan xarici şagirdlərin valideynlərinin italyan dili öyrənməsinin tələb edilməsi də daxildir.
Şahbazinin sözlərinə görə, bu yanaşma tətbiq olunacağı təqdirdə, müzakirə dini geyim məsələsindən çıxaraq miqrasiya, inteqrasiya və mədəni kimlik mövzularına qədər genişlənə bilər.
“Meloninin açıqlamasından göründüyü kimi, layihənin yaxın günlərdə Nazirlər Şurasına təqdim edilməsi gözlənilir. Bundan sonra hökumətin verəcəyi qərar məsələnin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək. Əgər bu addım yalnız məktəblərdə üz örtüyü ilə məhdudlaşmayaraq dini və mədəni kimliyə münasibətin daha geniş hissəsi kimi qəbul edilərsə, gərginliyin artması ehtimalı da ortaya çıxa bilər”, – politoloq vurğulayıb.
O qeyd edib ki, İtaliyada bu müzakirələr onsuz da miqrasiya və inteqrasiya məsələləri ilə paralel aparılır. Meloninin açıqladığı paketdə xarici şagirdlərin siniflərdə sayına limit qoyulması və inteqrasiya problemi yaşayan ailələr üçün dil tələbinin irəli sürülməsi də bunu göstərir.
Politoloq hesab edir ki, belə vəziyyətdə dövlətin qanuni tələbləri ilə fərdlərin dini və şəxsi seçimləri arasında balans məsələsi ön plana çıxır.
“Əlbəttə, burada vətəndaşın və ya miqrantın hüquqları nəzərə alındığı kimi, dövlətin hüquqi baxımdan irəli sürdüyü tələblər də nəzərə alınmalıdır. Belə bir vəziyyətdə hüquqların üz-üzə gəlməsi və toqquşması ciddi gərginlik yarada bilər. Ona görə də məsələ heç də sadə deyil”, – deyə Çingiz Şahbazi əlavə edib.
News365.az