Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə “Nəyindən narahatsan” adlı duet ifası sosial şəbəkələrdə və cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi şəxslər muğam sənətinin böyük nümayəndəsinin belə bir layihədə iştirak etməsini tənqid etsə də, bu yanaşmanı fərqli qiymətləndirənlər də var.
Məsələyə münasibət bildirən təhsil eksperti Etibar Əliyev Alim Qasımovun yaradıcılıq seçiminə hörmətlə yanaşdığını bildirib.
O, qeyd edib ki, Alim Qasımovun uzun illərdir pərəstişkarıdır və sənətkarın yaradıcılıq qərarlarını özü üçün xüsusi müzakirə mövzusu hesab etmir.
“Ötən əsrin 80-ci illərindən Alim Qasımovun pərəstişkarıyam. Düşüncəmə görə, bu böyük sənətkar nə edirsə, düz edir. Onun susmağı da nəğmədir”, – deyə Etibar Əliyev bildirib.
Ekspert Üzeyir Mehdizadənin də istedadının inkar edilə bilməyəcəyini vurğulayıb. Onun fikrincə, məsələni yalnız ifaçıların sənət səviyyəsi üzərindən deyil, cəmiyyətin musiqi zövqü və tələbi baxımından da qiymətləndirmək lazımdır.
Etibar Əliyev bu fikrini müxtəlif ifaların internetdə izlənmə göstəriciləri ilə müqayisə edib. O bildirib ki, Üzeyir Mehdizadənin ifalarından birinin 25 milyon, Alim Qasımovun “Şahnaz təsnifi”nin isə 512 min dəfə izlənməsi diqqətçəkən fərqdir.
O, həmçinin Damlanın bir popurisi ilə Flora Kərimovanın “Eşqimə şahid zaman” əsərinin baxış saylarını müqayisə edərək cəmiyyətin mədəni zövqü ilə bağlı sual ortaya qoyub.
“Flora Kərimova Damla ilə duet oxusaydı, nə baş verərdi? Reallıq öz-özünə yaranmır. Onun müəllifi cəmiyyətdir”, – deyə ekspert vurğulayıb.
Etibar Əliyev hesab edir ki, oxşar mənzərə ədəbiyyatda da müşahidə olunur. Onun sözlərinə görə, kütləvi maraq doğuran detektiv və sadə məzmunlu əsərlər bəzən ciddi və düşündürücü ədəbiyyatdan daha çox oxunur.
Ekspert sosial şəbəkələrdəki vəziyyəti də bu kontekstdə qiymətləndirərək rus-amerikalı şair İosif Brodskinin müasir ədəbiyyatla bağlı fikirlərinə istinad edib.
Onun sözlərinə görə, Brodski dövrün informasiya və yaradıcılıq bolluğunun yaratdığı “səs-küy”dən bəhs edərkən müasir ədəbiyyatda keyfiyyətli əsərlərin çoxsaylı məhsullar arasında itib-batmasına diqqət çəkirdi.
Etibar Əliyev sonda Alim Qasımovun bu duetə razılıq verməsinin arxasında fərqli yaradıcılıq niyyətinin dayana biləcəyini də istisna etməyib.
“Alim Qasımovun niyyəti bəlkə də səs-küyü bir qədər yavaşıtmağa xidmət edir? Hər halda bunu özü yaxşı bilər”, – deyə ekspert əlavə edib.