2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirlərindən üç il ötür. Bir günə yaxın davam edən əməliyyat nəticəsində bölgədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz silahlı dəstələrin tərksilah edilməsi ilə bağlı razılaşma əldə olunub, separatçı rejim özünü buraxdığını elan edib və Azərbaycan bütün ərazisində dövlət suverenliyini tam bərpa edib.
Bu hadisə 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində növbəti mühüm mərhələ kimi qiymətləndirilir.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında 19-20 sentyabr hadisələrinin Azərbaycanın müasir tarixindəki əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, antiterror əməliyyatı 2020-ci il müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın yekun mərhələlərindən biri olub:
“2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın hərbi-siyasi strategiyasının növbəti və həlledici mərhələsi oldu. Əməliyyat Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyulması, ölkənin ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı”.
Politoloq qeyd edib ki, əməliyyatın əsas xüsusiyyətlərindən biri hərbi məqsədlərin qısa müddətdə reallaşdırılması olub.
“19 sentyabrda başlayan döyüşlər zamanı Azərbaycan Ordusu qarşı tərəfin ön xətt və dərinlikdə yerləşən mövqelərini, uzunmüddətli atəş nöqtələrini, artilleriya və digər hərbi vasitələrini yüksək dəqiqlikli silahlarla sıradan çıxarmağa başladı. Sentyabrın 20-də əldə olunan razılaşma ilə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz silahlı dəstələrin silahı yerə qoyması, mövqelərini tərk etməsi və tam şəkildə tərksilah olunması nəzərdə tutuldu”, - deyə T.Rzayev bildirib.
Onun sözlərinə görə, antiterror əməliyyatından əvvəlki dövrdə də Azərbaycan hərbi və diplomatik istiqamətlərdə ardıcıl addımlar atıb.
“2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan bir tərəfdən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı, digər tərəfdən isə Qarabağda qalan qanunsuz silahlı birləşmələrin yaratdığı təhlükənin aradan qaldırılması istiqamətində fəaliyyət göstərdi. 2022-ci ilin avqustunda keçirilən ‘Qisas’ əməliyyatı da həmin prosesin mühüm mərhələlərindən biri idi”, - politoloq deyib.
T.Rzayev vurğulayıb ki, hərbi tədbirlərlə yanaşı, Azərbaycan Ermənistanla sülh prosesinin davam etdirilməsinə də çalışıb.
“Prezident İlham Əliyevin qarşısında 2020-ci il Zəfərindən sonra iki əsas vəzifə dayanırdı: müharibədə qazanılmış üstünlüyü siyasi müstəvidə möhkəmləndirmək və Azərbaycan ərazisində mövcud olan Ermənistan silahlı qüvvələrinin qalıqlarının yaratdığı təhlükəni aradan qaldırmaq. Azərbaycan sülh müqaviləsinin imzalanmasını gündəmə gətirdi, beş baza prinsip irəli sürdü və münasibətlərin normallaşdırılması istiqamətində danışıqlara başladı”.
Politoloqun fikrincə, antiterror əməliyyatının nəticəsi Azərbaycanın dövlət suverenliyinin bütün ərazi üzrə təmin edilməsi ilə yekunlaşıb. Rəsmi məlumatlara görə, əməliyyat 20 sentyabr 2023-cü ildə başa çatıb və həmin gün sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edilib.
“Antiterror əməliyyatı ən yeni tariximizin mühüm səhifələrindən biridir. Bu hadisə ilə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması istiqamətində tarixi mərhələ başa çatdı. Bu gün həmin əməliyyatda həyatını itirən şəhidlərimizi hörmət və ehtiramla anır, Azərbaycan Ordusuna güc və qüvvət arzulayırıq”, - deyə T.Rzayev əlavə edib.