Sümük iliyi donorluğu: Həkimdən donor olmaq istəyənlərə vacib xəbərdarlıq

Sümük iliyi donorluğu: Həkimdən donor olmaq istəyənlərə vacib xəbərdarlıq
11:20

Sümük iliyi donorluğu ağır qan xəstəliklərindən əziyyət çəkən pasiyentlər üçün həyati əhəmiyyət daşıyır. Xüsusilə talassemiya, leykoz və aplastik anemiya kimi xəstəliklər zamanı uyğun donorun vaxtında müəyyənləşdirilməsi və transplantasiya prosesinin gecikdirilməməsi mühüm şərtlərdən biridir. Mütəxəssislər bildirirlər ki, donor olmaq qərarı əvvəlcədən və bütün məsuliyyətlər nəzərə alınmaqla verilməlidir. Çünki transplantasiyaya hazırlıq mərhələsində donorun qərarını dəyişməsi xəstənin həyatı üçün ciddi risk yarada bilər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva News365.az-a açıqlamasında sümük iliyi donorluğunun həyata keçirilməsi, transplantasiyanın tətbiq olunduğu xəstəliklər və digər donor növlərinin əhəmiyyəti barədə danışıb.

Həkimin sözlərinə görə, sümük iliyi donorluğu donorun sağlamlığına zərər verməyəcək şəkildə həyata keçirilir. Uyğun donordan sümük iliyi cərrahi üsulla götürülə, bəzi hallarda isə periferik qandan hematopoetik kök hüceyrələr xüsusi aparat vasitəsilə toplana bilər.

Nərgiz Əliyeva qeyd edib ki, donorluq könüllülük prinsipi əsasında həyata keçirilir. Talassemiya, leykoz, aplastik anemiya və digər xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün HLA-uyğun ailə üzvünün və ya qohum olmayan donorun axtarışına müalicənin mümkün qədər erkən mərhələsində başlanmalıdır.

Onun sözlərinə görə, pasiyent transplantasiyaya hazırlıq mərhələsinə keçdikdən sonra donorun qərarından imtina etməsi ciddi fəsadlara səbəb ola bilər:

“Xüsusilə transplantasiyadan təxminən 7-10 gün əvvəl donorun donorluqdan imtina etməsi yolverilməzdir. Çünki həmin mərhələdə donorun imtinası pasiyentin həyatı üçün ciddi təhlükə yarada bilər. Buna görə də donor olmaq qərarı əvvəlcədən, bütün məsuliyyətlər nəzərə alınmaqla və düşünülərək verilməlidir”.

Hematoloq bildirib ki, donorluqdan sonra bəzi şəxslərdə yüngül halsızlıq və sümük iliyinin götürüldüyü nahiyədə, yəni qalça sümüyünün darağında ağrı müşahidə oluna bilər. Bu hallar isə, bir qayda olaraq, müvəqqəti xarakter daşıyır.

Hansı xəstəliklər zamanı sümük iliyi transplantasiyası aparılır?

Nərgiz Əliyevanın sözlərinə görə, sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur.

“Talassemiya, leykoz, aplastik anemiya, limfoma və çoxsaylı miyeloma kimi xəstəliklər buna nümunədir. Transplantasiya sümük iliyinin və hematopoetik sistemin xəstəlik nəticəsində zədələndiyi və ya kök hüceyrələrin genetik baxımdan sağlam olmadığı hallarda mühüm müalicə üsuludur”, - deyə həkim bildirib.

O qeyd edib ki, sümük iliyindən və ya periferik qandan əldə edilən hematopoetik kök hüceyrələrin transplantasiyası xəstə və ya genetik zədələnmiş hüceyrələrin sağlam kök hüceyrələrlə əvəzlənməsinə imkan verir.

Həkimin sözlərinə görə, bu üsul ağır qan xəstəliklərindən əziyyət çəkən bəzi pasiyentlər üçün həyat qurtaran müalicə vasitəsinə çevrilə bilər.

Digər donor növləri də həyati əhəmiyyət daşıyır

Hematoloq yalnız sümük iliyi deyil, qan, orqan və toxuma donorluğunun da tibbi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, qan donorluğuna xüsusilə talassemiya və onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin, ağır qan itkisi yaşayan şəxslərin, eləcə də müxtəlif cərrahi əməliyyat keçirən xəstələrin ehtiyacı olur.

Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqanların donorluğu orqan çatışmazlığından əziyyət çəkən insanların müalicəsində mühüm rol oynayır.

Nərgiz Əliyeva əlavə edib ki, buynuz qişa, sümük və dəri kimi toxumaların donorluğu da müxtəlif xəsarət və xəstəliklər nəticəsində zədələnmiş funksiyaların bərpasına kömək edə bilər.

Beləliklə, donor olmaq yalnız bir insanın həyatını dəyişmək deyil, bəzi hallarda onun həyatını xilas etmək imkanı yaradır.


Sizin reklam burada
Sizin reklam burada