Bir qrup kino xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sentyabrın 11-də keçirilən konfransla bağlı Prezident İlham Əliyevə açıq müraciət edib.
News365.az“Yeni Sabah”a istinadən xəbər verir ki, müraciətə xalq artistləri və əməkdar artistlər, habelə kinorejissorlar, kinooperatorlar, prodüserlər, ssenaristlər və digər kino xadimləri imza atıblar.
Onlar müraciətin sonunda dövlət başçısının məsələyə müdaxilə etməsini və qarşılaşdıqları problemlərin həllinə kömək göstərməsini xahiş ediblər:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə:
Hörmətli cənab Prezident! Ümidvarıq ki, həyatını Azərbaycan milli kino sənətinə həsr etmiş kinematoqrafçıların öz Prezidentindən kömək istəməsini anlayışla qarşılayacaqsınız.
Siz hər zaman mədəniyyətimizə, o cümlədən kino sənətinə və kino xadimlərinə həssaslıqla yanaşmısınız. Buna görə birbaşa Sizə müraciət etmək qərarına gəldik.
Bildiririk ki, sentyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) ümumi Konfransı keçirildi. Təəssüf ki, AKİ-nin Ali orqanı sayılan bu Konfransda çoxsaylı qanun pozuntularına yol verildi. İttifaqın nizamnaməsinin tələbləri və prosedur qaydaları nəzərə alınmadan, qərarlar aşkar etinasızlıq və volyuntarist tövrlə qəbul edildi.
Kino İttifaqına sədr seçilməsi isə, haqsızlıq və qanunun tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olundu. Sədr vəzifəsinə alternativ namizədlər irəli sürmək istəyən kino xadimlərinə danışmaq üçün hər hansı imkan verilmədi. Biz, bu sayaq amiranəliyi, birmənalı olaraq üzvlərin seçmək və seçilmək hüququnun məhdudlaşdırılması kimi qiymətəndiririk.
Səbəbini və zərurətini izah etmədən, hətta, siyahıda kimlərin olduğunu belə açıqlamadan, 87 nəfər İttifaq üzvünün AKİ sıralarından xaric edilməsi qərarı verildi.
Eyni qaydada - müzakirəsiz, bir çox Konfrans iştirakçısının təklif və istəkləri nəzərə alınmadan, (əvvəlcədən hazırlanmış siyahı ilə) AKİ-yə yeni İdarə Heyəti "seçildi".
Saxta yetərsay görüntüsü yaratmaq üçün Kino İttifaqının üzvü olmayan kənar şəxslərə mandatlar paylandı, səs komissiyası bir dəfə də olsun lehinə və ya əleyhinə olanların sayının elan etmədi.
Təəssüf ki, bütün bu qanunsuzluqlara, dolayısı ilə müdaxilə etmək səlahiyyətində olan əlaqədardır orqanlar da seyrçi mövqeyi tutdular.
Üzvlərin əksəriyyətinə qarşı nümayiş olunan hörmətsizlik, rəsmi tədbirin əvvəlindən sonuna qədər davam etdi. Və bütün bunlar 200-dən artıq kino işçisinin, eləcə də onlarca jurnalistin gözü önündə baş verdi... Düşünürük ki, sonradan KİV səhifələrində, habelə sosial media şəbəkələrində on minlərlə neqativ rəy və etirazlar məhz yuxarıda sadalanan ədalətsizliyin nəticəsində yarandı.
Əlbəttə, Konfransda şahid olduğumuz aşkar haqsızlıqlar çoxlarında böyük təəssüf hissi, o cümlədən xeyli suallar doğurdu.
Əminik ki, digər layiqli namizədlər olduğu halda, "baş tutan" alternativsiz sədr seçkisinin heç vəchlə ədalətli, şəffaf və demokratik prinsiplər əsasında keçirildiyini iddia etmək olmaz.
Hesab edirik ki, bu kimi hallar yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə kino ictimaiyyətinin hüquq və maraqlarına toxunur.
Hörmətli cənab Prezident!
Üzləşdiyimiz problemlərə müdaxilə etməyinizi Sizdən xahiş edirik.
Dərin hörmət və ümidlə;
1. Məbud Məhərrəmli - Xalq artisti.
2. Nizami Abbas - kinooperator, Əməkdar İncəsənət xadimi.
3. Zemfira Sadıqova - Əməkdar artist, Prezident təqaüdçüsü.
4. Suqra Bağırzadə - Əməkdar artist, fəxri doktor.
5. Xalidə Quliyeva - Xalq artisti.
6. Rövşən Quliyev - kinooperator, Əməkdar İncəsənət xadimi.
7. İsmayıl Qasımov - prodüser.
8. Eldəniz Quliyev - yazıçı, kinodramaturq.
9. Mübariz Nağıyev - kinorejissor, prodüser.
10. Ötkəm İskəndərov - Əməkdar artist.
11. Vaqif Azəryar - kinorejissor.
12. Məhərrəm Musayev - aktyor.
13. Sirac Mustafayev - prodüser, ssenarist.
14. Nicat Dadaşov - ssenarist.
15. Kənan Musayev - kinorejissor.
16. Murad Abdullayev - kaskadyor.
17. Manaf Dadaşov - aktyor.
18. Rövşən Ağayev - kinorejissor.
19. Fərhad İsrafilov - Əməkdar artist.
20. Xatirə Süleymanova - aktrisa.
21. Gülsabah Quliyeva - Əməkdar artist, dosent.
22. Maarif Məhərrəmbəyli - kinorejissor.
23. Namiq Ağayev - rejissor, aktyor.
24. Səyyad Bayramov - rəssam.
25. Zülfiyyə Eldar qızı - aktrisa.
26. Pərviz Məmmədov - ssenarist.
27. Mahir Dərviş - rejissor, aktyor.
28. Kəmalə Məhərrəmova - ssenarist.
29. Nəriman Əbdülrəhmanlı - kino tarixçisi, ssenarist.
30. Mila Əlibəyova – aktrisa”.
Qeyd edək ki, AKİ-nin sədri Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Bundan sonra AKİ sədrinin səlahiyyətlərini 81 yaşlı Şəfiqə Məmmədova icra edib. Qurumun katibi olan 52 yaşlı Əli İsa Cabbarovun da namizədliyi irəli sürülmüşdü. Ötən ay isə o, namizədliyini geri çəkdiyini və işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini bildirmişdi.
Xalq artisti Şəfiqə Məmmədova sentyabrın 11-də keçirilən qurultayda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri seçilib.