MDB məkanında məhkəmə qərarlarının icrası ilə bağlı yeni çoxtərəfli mexanizm formalaşdırılır.
Azərbaycan isə sənəd üzərində aparılan son danışıqlarda iştirak edən ölkələr sırasında görünmür. Bu, Bakının MDB-də hüquqi əməkdaşlıq siyasəti baxımından diqqətçəkən məqamdır.
MDB İcraiyyə Komitəsinin məlumatına görə MDB ölkələrinin icra orqanlarının rəhbərləri üçün ayrıca Şuranın yaradılmasını nəzərdə tutan saziş layihəsi üzrə ekspertlər işlərini başa çatdırıblar. Avqustun 14-də keçirilən iclasda sənədin əsas müddəaları razılaşdırılıb. Söhbət “MDB iştirakçısı olan dövlətlərin məcburi icra orqanları rəhbərləri Şurasının yaradılması haqqında Saziş” layihəsindən gedir. Yeni qurumun əsas məqsədi dövlətlərin məcburi icra sahəsində əməkdaşlığını sistemləşdirmək, peşəkar dialoq və təcrübə mübadiləsi aparmaq, birgə fəaliyyətin əlaqələndirilməsinə imkan yaratmaqdır.
Məsələnin ən maraqlı tərəfi isə layihənin hazırlanmasında iştirak edən ölkələrin tərkibidir.İyulun 6-da keçirilən ekspert qrupunun iclasında Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin təmsilçisi iştirak edib. Daha əvvəlki mərhələdə isə ekspertlər arasında Qazaxıstanın da olduğu bildirilib. Lakin Azərbaycan bu işçi formatda iştirak edən ölkələr sırasında göstərilmir.
MDB İcraiyyə Komitəsinin açıqlamalarında Azərbaycanın niyə layihəyə qoşulmadığı barədə hər hansı izah verilmir. Buna görə Azərbaycanın prosesdən kənarda qalmasını müəyyən siyasi səbəblə əlaqələndirmək hələlik ehtimaldan o yana keçmir. 2025-ci ildə MDB dövlət başçıları məhkəmə aktlarının və digər səlahiyyətli orqanların qərarlarının məcburi icrası zamanı informasiya mübadiləsi haqqında saziş imzalayıblar. MDB rəhbərliyinin qiymətləndirməsinə görə, məhz həmin sənədin davamı olaraq məcburi icra orqanlarının rəhbərləri səviyyəsində ayrıca Şuranın yaradılması təklif edilib. Bu mexanizm gələcəkdə borclular, əmlak, icra sənədləri və məhkəmə qərarları barədə məlumat mübadiləsinin daha koordinasiyalı aparılmasına, həmçinin müxtəlif ölkələrin icra strukturları arasında birbaşa əməkdaşlığın güclənməsinə şərait yarada bilər.
Ola bilsin ki, rəsmi Bakı yeni mexanizmin hüquqi çərçivəsini və praktiki əhəmiyyətini qiymətləndirərək sonrakı mərhələdə prosesə qoşulsun. İkinci ehtimal isə Azərbaycanın MDB daxilində bəzi hüquqi əməkdaşlıq formatlarına selektiv yanaşmasını davam etdirməsidir.Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində hüquqi və siyasi məsələlərin həssaslığı fonunda Ermənistanın bu prosesdə iştirakı da diqqətdən yayınmır. Ermənistanın ekspert qrupunda iştirakı sənədin Azərbaycan üçün potensial əhəmiyyətini daha da artırır. Çünki söhbət yalnız məhkəmə qərarlarının icrasından yox, gələcəkdə dövlətlərin icra orqanları arasında məlumat və praktiki əməkdaşlıq mexanizmlərindən gedir.
Rəsmi açıqlamalarda Bakının layihəyə qarşı olduğu və ya qəsdən prosesdən kənarda qaldığı barədə məlumat yoxdur. Avqustun 14-də ekspertlərin layihəni razılaşdırması ilə proses yeni mərhələyə keçib. İndi əsas məsələ sənədin MDB-nin müvafiq orqanlarında müzakirəsi və üzv dövlətlərin ona münasibətinin rəsmiləşməsidir.