Katalikos daşnakları yenidən başına topladı

Katalikos daşnakları yenidən başına topladı
11:44

Ermənistanın paytaxtı İrəvanda dünyanın təxminən 20 ölkəsindən “Hay Dat” strukturlarının nümayəndələri və Ermənistan İnqilabi Federasiyasının – Daşnaksütyunun rəhbər şəxslərinin iştirakı ilə tədbir keçirilib.Toplantının əsas məqsədi qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini və taktikanı yenidən nəzərdən keçirmək, Ermənistan və erməni xalqının qarşılaşdığı xarici siyasət çağırışlarına qarşı “Hay Dat” şəbəkəsinin imkanlarından istifadə etmək olub.“Hay Dat” konfransında Bakı və Ankara əleyhinə sərt fikirlər səsləndirilib. 


News365.az erməni mediasına istinadən xəbər verir ki, ümumerməni “Hay Dat” komitə və ofislərinin konfrans iştirakçılarını Katolikos II Qaragen tərəfindən qəbul edilib. Eçmiədzinin yaydığı məlumata görə, görüşdə Ermənistan və regiondakı vəziyyətlə yanaşı, Qarabağdan köçmüş ermənilərin hüquqları, Azərbaycanda saxlanılan ermənilərin azad edilməsi və erməni dini-mədəni irsinin qorunması məsələləri müzakirə olunub. Qeyd edək ki, “Hay Dat” şəbəkəsi “Daşnaksütyun”un erməni diasporundakı əsas siyasi platformalarından biridir və Azərbaycanla bağlı məsələləri uzun müddətdir öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi təqdim edir. İndi isə həmin strukturun rəhbərlərinin II Qarageninlə bir araya gəlməsi Paşinyan hakimiyyəti ilə kilsə arasındakı qarşıdurmanın Azərbaycan məsələsi ilə də əlaqələndirildiyini göstərir.



Görüşdə tərəflər Erməni Apostol Kilsəsinin milli kimliyin qorunması və erməni dövlətçiliyinin möhkəmləndirilməsində rolunu xüsusi vurğulayıblar. Qarabağdan köçmüş ermənilər və Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələlərin eyni müzakirə platformasına gətirilməsi isə “Hay Dat”ın ənənəvi gündəliyinin kilsə müstəvisində də davam etdirildiyini göstərir. Bu proses Paşinyanın kilsə ilə açıq qarşıdurması fonunda baş verir. Ermənistan hökumətinin 2031-ci ilədək fəaliyyət proqramında II Qaragenin vəzifədən kənarlaşdırılması və kilsənin yeni nizamnaməsinin hazırlanması ilə bağlı məqsədlərin yer alması Eçmiədzinlə İrəvan arasındakı ziddiyyətləri daha da kəskinləşdirib.


Belə bir şəraitdə “Daşnaksütyun”un “Hay Dat” strukturlarının Katolikosla görüşməsi yeni siyasi koordinasiya görüntüsü yaradır. Qarabağ mövzusunun, Azərbaycanda saxlanılan ermənilərin və erməni irsi məsələsinin gündəmə gətirilməsi isə göstərir ki, Bakı ilə bağlı məsələlər Ermənistanın siyasi, dini və diaspor strukturlarının gündəliyindən çıxmayıb. Başqa sözlə, Ermənistan daxilində Paşinyanla kilsə arasında mübarizə gedərkən “Daşnaksütyun”un “Hay Dat” strukturları da bu prosesə qoşulur və Azərbaycanla bağlı mövzuları yenidən ön plana çıxarır. Bu isə regionda yeni siyasi təzyiq mexanizmlərinin formalaşdırılması cəhdləri baxımından diqqətlə izlənilməli prosesdir


Sizin reklam burada
Sizin reklam burada