News365.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.
Fotodan məlum olur ki, Xətainin heykəlinin lövhə hissəsində "Nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov" yazısı qeyd olunub.
Jurnalist Sənan Nəcəfov sosial şəbəkə hesabında bu haqda yazı paylaşım edib:
"Yəqin ki, hamı bilir şəkildə gördüyünüz Xətainin heykəlidir. Elədirmi? 2-ci və əsas da 3-cü fotolara diqqət yetirin. Xətainin heykəlinin kartuş (və ya lövhə) hissəsində (üzərində "Şah İsmayıl Xətai" yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədilmiş metal lövhə) kiçik hərflərlə “ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ” ("Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov") yazılıb.
Doğrudan da heykəlin müəlliflərindən biri İbrahim Zeynalovdur.
Bax sualım belədir, dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi icazəsi varmı?
İkincisi, abidə tarixi şəxsiyyətə - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?
Mən bildiyim budur: Rəsmi qaydada dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi üçün hər hansı xüsusi dövlət icazəsi mövcud deyil və bu, adətən qanunvericiliyə, eləcə də memarlıq-estetik standartlara ziddir.
Digər tərəfdən, belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək yaradıcı intizamın və peşəkar etikanın pozulması kimi qiymətləndirilir. Adətən bu cür detallar dövlət komissiyasının qəbulundan gizli şəkildə, sonradan əlavə oluna bilir".
1992–1993-cü illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmuş Zəlimxan Məmmədli məsələyə münasibət bildirib. O deyib ki, abidəni 1992-ci ilin sonlarında Xətai rayon icra başçısı olaraq o sifariş edib:
"Abidənin açılışı isə 1993-cü ilin iyun ayında baş tutub. İbrahim Zeynalov abidənin müəllifidir. O abidənin açılışını mitinqini şəxsən mən etmişəm, lenti rəhmətlik Bakının o vaxtkı meri Rauf Gülməmmədovla birlikdə kəsmişik. Hər il iyul ayının 17-də - hökmdarın doğum günündə abidəni ziyarət edirəm. Nəvəyə hədiyyə yazısı yenidir. Nə açılışda, nə də sonrakı vaxtlarda görməmişəm. Dövlət sifarişi və vəsaiti ilə ucaldılan abidəni şəxsi emosiyaları təmin etmək üçün istifadəsini doğru hesab etmirəm".