Limanın genişləndirilməsi və Zəngəzur dəhlizi gəlirləri ikiqat artıracaq

Limanın genişləndirilməsi və Zəngəzur dəhlizi gəlirləri ikiqat artıracaq
10:29

Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın nəqliyyat-logistika potensialının daha da genişlənəcəyindən xəbər verir.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov News365.az-a açıqlamasında deyib.


Deputat bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan uzun illərdir nəqliyyat bağlantılarının inkişafı istiqamətində sistemli siyasət həyata keçirir.

"Prezident İlham Əliyevin də vurğuladığı kimi, Xəzərdə ən iri dəniz ticarət limanımızın illik ötürmə gücü hazırda 15 milyon tondur və bu göstəricinin 25 milyon tona çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanın regionun əsas nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək", – deyə V.Bayramov bildirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun əsas tranzit ölkələrindən birinə çevrilir. Beynəlxalq yükdaşımaların genişlənməsi ölkənin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, dövlət büdcəsinə daxilolmaların da yüksəlməsinə xidmət edir.

V.Bayramov qeyd edib ki, illik 15 milyon ton yükötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Bu layihə Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, region ölkələrinin iqtisadi gəlirlərinin artmasına da töhfə verəcək.

Deputat beynəlxalq yükdaşımalar üzrə statistik göstəricilərə də diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci ildə dəmir yolu ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Bunun 6 milyon 695 min tonunu tranzit yüklər təşkil edib. Dəmir yolu ilə yükdaşımalar üzrə əldə olunan 383 milyon 996 min manat gəlirin 333 milyon 911 min manatı beynəlxalq daşımalardan formalaşıb.

"Hava nəqliyyatı ilə yükdaşımalar üzrə ötən il əldə olunan gəlir 2 milyard 398 milyon manat olub və bunun 2 milyard 397 milyon manatı beynəlxalq yükdaşımaların payına düşüb. Bundan başqa, beynəlxalq yükdaşımalar üzrə dəniz nəqliyyatından 57 milyon 382 min manat, boru kəmərləri ilə 266 milyon 560 min manat, avtomobil nəqliyyatı ilə isə 204 milyon 275 min manat gəlir əldə olunub", – deyə deputat əlavə edib.

V.Bayramov bildirib ki, 2026-cı ilin ilk rübünün nəticələri də müsbət dinamikanın davam etdiyini göstərir. Belə ki, yanvar-mart aylarında dəmir yolu ilə yükdaşımalar üzrə əldə olunan 96 milyon 49 min manat gəlirin 81 milyon 765 min manatı, hava nəqliyyatı üzrə əldə olunan 571 milyon 292 min manat gəlirin isə 571 milyon 50 min manatı beynəlxalq daşımaların payına düşüb.

Deputatın sözlərinə görə, rəsmi statistika göstərir ki, ötən il Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi ümumi gəlir 3,3 milyard manat təşkil edib.

"Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərin reallaşması, nəqliyyat infrastrukturunun genişləndirilməsi, limanın ötürmə gücünün artırılması və Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması nəticəsində Azərbaycanın beynəlxalq yükdaşımalardan illik gəlirlərinin 7 milyard manata yaxınlaşacağı gözlənilir. Bu isə iqtisadiyyatın şaxələndirilməsi və dövlət gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır", – deyə Vüqar Bayramov vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada