Kiyev artıq genişmiqyaslı əks-hücumlardan imtina edib

Kiyev artıq genişmiqyaslı əks-hücumlardan imtina edib
10:30

Ukrayna-Rusiya müharibəsində son dövrlər müşahidə olunan hadisələr tərəflərin yeni taktikalara üstünlük verdiyini göstərir. Politoloq Oqtay Qasımovun sözlərinə görə, Ukrayna genişmiqyaslı əks-hücum əməliyyatlarından imtina edərək Rusiyanın iqtisadi və hərbi potensialını zəiflətməyə yönəlmiş strategiyanı həyata keçirir.

News365.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Ankarada aparılan danışıqlarla bağlı yayılan məlumatlarda tərəflərin mövqeləri bir-birindən fərqlənir.


O qeyd edib ki, Rusiya ABŞ-la müəyyən razılaşmanın əldə olunduğunu iddia etsə də, Vaşinqton bunu təsdiqləmir:

"Hazırda Ankarada nümayiş etdirilən proseslərlə bağlı yayılan məlumatlarda tərəflərin mövqeləri fərqlidir. Rusiya tərəfi iddia edir ki, ABŞ ilə müəyyən anlaşma əldə olunmuşdu və amerikalılar buna əməl etməli idilər. ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, orada yalnız bir tərəfin təklifləri dinlənilib və hər hansı razılaşma əldə edilməyib. Ola bilsin ki, doğrudan da belə bir razılaşma olmayıb və Rusiya bunu fərqli şəkildə təqdim etməyə çalışır."

Politoloqun sözlərinə görə, Ukrayna müharibənin ilk illərində həyata keçirdiyi əks-hücum əməliyyatlarından istədiyi nəticəni əldə edə bilmədi.

"2022-ci ilin sonlarında və 2023-cü ilin yayında Ukrayna əks-hücum əməliyyatları keçirməyə çalışdı. Lakin ciddi nəticələr əldə olunmadı. Bu vəziyyət Qərbdə də müəyyən xəyal qırıqlığı yaratdı və Ukraynaya dəstəyin müəyyən qədər zəifləməsinə səbəb oldu."

Oqtay Qasımov hesab edir ki, son bir ildə Kiyev strategiyasını dəyişərək daha çevik və hədəfli əməliyyatlara üstünlük verir.

"Ukrayna artıq iri miqyaslı hərbi əməliyyatlar əvəzinə fərqli taktika seçib. Məqsəd Rusiyanı strateji baxımdan zəiflətməkdir və bunun üçün ardıcıl addımlar atılır."

Politoloq bildirib ki, bu strategiyanın əsas istiqamətlərindən biri Rusiyanın enerji sektoruna zərbə vurmaqdır.

"Burada üç əsas istiqamət var. Onlardan biri Rusiyanın energetika və yanacaq sektorunun hədəfə alınmasıdır. Müharibəni maliyyələşdirən əsas mənbələrdən hesab olunan neft və yanacaq daşımaları, həmçinin Baltik və Qara dənizdə fəaliyyət göstərən tanker donanması Ukraynanın əsas hədəfləri sırasındadır. Artıq Qara dənizdə bu gəmilərin bir hissəsinə qarşı da əməliyyatlar həyata keçirilir."


Sizin reklam burada
Sizin reklam burada