Azərbaycanın Cənub-Şərqi Asiya ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətin yeni prioritetlərindən birinə çevrilir. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri də bu baxımdan Bakı ilə Hanoy arasında mövcud siyasi əlaqələrin iqtisadi və strateji əməkdaşlıqla daha da möhkəmləndirilməsi baxımından diqqət çəkir. Səfər iki ölkə arasında yeni tərəfdaşlıq imkanlarının yaranmasına zəmin yarada bilər.
News365.az xəbər verir ki, politoloq Tural İsmayılov səfərin Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətini şərh edib.

Politoloqun fikrincə, Azərbaycan-Vyetnam münasibətləri yeni formalaşan əlaqələr deyil, uzun illərə söykənən dostluq və əməkdaşlıq ənənələrinə əsaslanır. 1959-cu ildə Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Heydər Əliyevin Vyetnama səfəri bu münasibətlərin inkişafında mühüm mərhələlər olub.
Tural İsmayılov xatırladıb ki, 2025-ci ildə Vyetnam Prezidenti To Lamın Azərbaycana dövlət səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Onun sözlərinə görə, İlham Əliyevin Vyetnama hazırkı səfəri həmin siyasi razılaşmaların praktiki əməkdaşlığa çevrilməsi üçün yeni perspektivlər açır.
Politoloq hesab edir ki, Vyetnamın sənaye, elektronika, texnologiya, kənd təsərrüfatı və beynəlxalq ticarət sahələrində əldə etdiyi nailiyyətlər Azərbaycan üçün bu ölkəni cəlbedici tərəfdaşa çevirir. Azərbaycanın enerji və nəqliyyat-logistika imkanları isə Vyetnamla əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etməsinə şərait yarada bilər.
Onun qənaətinə görə, xüsusilə enerji, investisiya, müdafiə sənayesi, müasir texnologiyalar, ticarət və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi üçün ciddi potensial mövcuddur. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutları üzərində yerləşməsi, Vyetnamın isə Cənub-Şərqi Asiyada güclü istehsal və iqtisadi imkanlara malik olması tərəflərin maraqlarını birləşdirir.
İsmayılov vurğulayıb ki, bu əməkdaşlıq yalnız ikitərəfli ticarətin artması ilə məhdudlaşmaya, yeni investisiya layihələrinin və alternativ iqtisadi əlaqələrin qurulmasına da təkan verə bilər.
Politoloq Azərbaycanın xarici siyasətində çoxşaxəli əməkdaşlıq modelinin xüsusi yer tutduğunu da diqqətə çatdırıb. Onun fikrincə, Bakı müxtəlif regionların siyasi və iqtisadi mərkəzləri ilə əlaqələrini inkişaf etdirməklə coğrafi mövqeyini diplomatik və iqtisadi üstünlüyə çevirir.
Tural İsmayılovun qənaətinə görə, Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın müstəqil xarici siyasət kursunun və beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirmək strategiyasının mühüm tərkib hissəsidir. Bakı ilə Hanoy arasında strateji münasibətlərin daha da dərinləşməsi gələcəkdə hər iki ölkə üçün yeni iqtisadi və siyasi imkanlar yarada bilər.