Yollarda baş verən ağır qəzaların və insan itkilərinin qarşısını almaq üçün sürücülərin sürət rejiminə əməl etməsi vacibdir. Lakin bəzi sürücülər radar və polis nəzarətindən yayınmağa çalışır, nəzarət zonasını keçdikdən sonra isə yenidən sürəti artırırlar. Bu davranış isə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.
Nəqliyyat eksperti Yasin Mustafayev News365.az-a açıqlamasında bildirib ki, yol qəzalarının və ölüm hallarının əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır.
Ekspertin sözlərinə görə, bəzi sürücülər radarların və polisin gizli nəzarətinin sərt olmasından narazılıq etsələr də, sürət qaydalarını pozmaqda davam edirlər. Halbuki inkişaf etmiş ölkələrdə yol qəzalarının sayı yüksək olsa belə, ölüm hallarının daha az qeydə alınması sürətə nəzarətin ciddi təşkil edilməsi ilə bağlıdır.
Yasin Mustafayev qeyd edib ki, Azərbaycanda bir çox sürücü radarın yaxınlığında sürəti azaldır, nəzarət zonasından uzaqlaşan kimi isə yenidən sürətlə hərəkət etməyə başlayır. Onun fikrincə, bu yanaşma dəyişməli, sürücülər sürət həddinə yalnız radar olan ərazilərdə deyil, bütün yollarda əməl etməlidirlər.
Ekspert piyadaların vurulması ilə nəticələnən qəzaların da ciddi narahatlıq doğurduğunu vurğulayıb. O bildirib ki, belə hadisələrin baş verməsində həm sürücülərin diqqətsizliyi, həm də piyadaların yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşması rol oynayır.
Yasin Mustafayevin fikrincə, piyadalar yolu keçərkən ətrafı diqqətlə yoxlamalı, sürücünün onları gördüyünə və dayanacağına əmin olmadan hərəkətə başlamamalıdırlar. Bu, xüsusilə intensiv nəqliyyat axınının olduğu ərazilərdə həyati əhəmiyyət daşıyır.
Ekspert sürücüləri əlverişsiz hava şəraitində daha ehtiyatlı olmağa da çağırıb. Onun sözlərinə görə, yağışlı və qaranlıq havada yolun görünüşü xeyli pisləşir, asfaltın səthində işıq əks olunmadığından həm yolun sərhədlərini, həm də piyadaları seçmək çətinləşir.
O bildirib ki, belə şəraitdə sürücülər müəyyən edilmiş maksimal sürət həddinə əsaslanmamalı, hərəkət sürətini real yol və hava şəraitinə uyğun seçməlidirlər. Məsələn, yolda icazə verilən sürət saatda 90 kilometr olsa da, yağışlı və qaranlıq havada bu sürətlə hərəkət etmək təhlükəli ola bilər. Görünüş məsafəsinin azaldığı dumanlı havada isə sürəti daha da aşağı salmaq lazımdır.
Yasin Mustafayev hesab edir ki, sürücülər və piyadalar yol hərəkətində şəxsi məsuliyyətlərini dərk edib təhlükəsizlik qaydalarına əməl etsələr, qəzaların və insan itkilərinin sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.