İranın ucuz dronlarına qarşı Patriot raketlərindən istifadə səmərəli deyil

İranın ucuz dronlarına qarşı Patriot raketlərindən istifadə səmərəli deyil
14:44

ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin effektivliyi, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi kütləvi hücumlar fonunda yenidən müzakirə mövzusuna çevrilib. Politoloq Əhməd Şahidov hesab edir ki, mövcud reallıq ABŞ-ın müdafiə sistemlərinin həm texniki, həm də iqtisadi baxımdan müəyyən məhdudiyyətlərini ortaya qoyur.

News365.az-a açıqlama verən politoloq Əhməd Şahidov bildirib ki, ABŞ tərəfindən səsləndirilən bəzi açıqlamalar mövcud vəziyyəti əsaslandırmaq cəhdi kimi qiymətləndirilə bilər.


“Bu cür açıqlamalar daha çox mövcud reallığı əsaslandırmağa yönəlib. İran eyni anda çoxsaylı raketlər, kamikadze dronları və müxtəlif tipli pilotsuz uçuş aparatları buraxır. Onlar fərqli istiqamətlərdən və xaotik trayektoriya ilə hərəkət etdikləri üçün eyni vaxtda onlarla hədəfi zərərsizləşdirmək kifayət qədər çətindir.”

Politoloqun sözlərinə görə, ABŞ bahalı Patriot sistemlərindən əsasən strateji obyektlərin və hərbi bazaların müdafiəsi üçün istifadə edir.

“Patriot sistemləri çox bahalı olduğundan onlar əsasən strateji hədəflərin, xüsusilə də ABŞ-ın hərbi bazalarının və canlı qüvvəsinin qorunmasına yönəldilir. Hətta bu sistemlər belə eyni anda çox sayda raketi məhv etmək imkanına malik deyil.”

Əhməd Şahidov qeyd edib ki, oxşar vəziyyət İsrailin hava hücumundan müdafiə sistemlərinin fəaliyyətində də müşahidə olunub.

“İsrailin hava hücumundan müdafiə sistemlərinin təcrübəsində də gördük ki, münaqişənin ilk günlərində buraxılan raketlərin böyük hissəsi zərərsizləşdirilirdi. Lakin zaman keçdikcə müdafiə sistemlərinin raket ehtiyatı azalır və onların effektivliyi də aşağı düşür. Müharibə uzandıqca müdafiə imkanlarının məhdudlaşması qaçılmaz olur.”

Politoloq İranın raket və pilotsuz uçuş aparatları ehtiyatının hələ də tükənmədiyini vurğulayıb.

“İranın raket və dron ehtiyatının tükənmədiyi görünür. Bu, ya uzun illər ərzində yaradılmış ehtiyatlardan, ya da davam edən istehsaldan qaynaqlanır. Fakt budur ki, ABŞ-ın hava hücumundan müdafiə sistemləri üçün istifadə olunan raket ehtiyatları tədricən azalır. Buna görə də Vaşinqton həmin sistemlərdən daha səmərəli istifadə etməyə çalışır.”

Şahidovun fikrincə, iqtisadi amillər də bu prosesdə mühüm rol oynayır.

“Qiyməti təxminən 10 min dollar olan kamikadze dronuna qarşı dəyəri 1 milyon dollara çatan Patriot raketindən istifadə iqtisadi baxımdan da səmərəli deyil. Bu strategiyanı uzun müddət davam etdirmək mümkün deyil. Məhz buna görə də müəyyən fasilələr vermək və eyni zamanda Patriot sistemləri üçün raket istehsalını artırmaq ABŞ-ın maraqlarına uyğundur”, – deyə politoloq bildirib.


Sizin reklam burada
Sizin reklam burada