Cənubi Qafqazda yeni nəqliyyat dəhlizlərinin açılması uğrunda rəqabət təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Regionda mövqelərini qorumağa çalışan böyük güclər formalaşan marşrutlarda iştirak imkanlarını da nəzərdən keçirirlər. Rusiyanın “Tramp marşrutu” kimi tanınan TRIPP layihəsinə maraq göstərməsi isə Moskvanın yeni regional reallıqlara uyğunlaşmaq niyyətini gündəmə gətirir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında ölkəsinin TRIPP layihəsində iştirak etməyə hazır olduğunu açıqlayıb. Bununla yanaşı, nazir Moskvanın layihəyə qoşulmaq üçün hələlik rəsmi dəvət almadığını bildirib. O, Rusiyanın infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində təcrübə və imkanlara malik olduğunu vurğulayıb.
Bəs Moskvanın bu təşəbbüsü regionda qüvvələr nisbətinə necə təsir edə bilər? Rusiya layihədə iştirak imkanı əldə edə bilərmi?
Siyasi şərhçi Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında bildirib ki, bu suallara cavab vermək üçün ilk növbədə TRIPP layihəsinin siyasi və hüquqi çərçivəsinə diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı birgə bəyannamənin dördüncü bəndində layihənin həyata keçirilməsi ilə bağlı mühüm müddəa yer alıb. Həmin müddəaya əsasən, ABŞ Ermənistan ərazisində TRIPP üçün müvafiq çərçivənin formalaşdırılması məqsədilə qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq edəcək.
Əli Zülfüqaroğlu qeyd edib ki, sənəddə həmin üçüncü tərəflərin konkret olaraq hansı dövlətlər olacağı göstərilməyib. Bu məqam gələcəkdə müxtəlif ölkələrin layihədə iştirak imkanlarının müzakirəsinə şərait yaradır. Bununla belə, Rusiyanın layihəyə qoşulması avtomatik və ya əvvəlcədən təmin edilmiş məsələ deyil.
Siyasi şərhçi hesab edir ki, Moskvanın TRIPP-də iştirak perspektivini qiymətləndirərkən qlobal geosiyasi prosesləri də nəzərə almaq lazımdır. Çünki beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dövlətlərin əvvəlki rəqabət və tərəfdaşlıq münasibətlərinə yenidən baxmasına səbəb olur.
O, ABŞ ilə Avropa İttifaqı arasında yaranan fikir ayrılıqlarını bu prosesin nümunələrindən biri kimi göstərib. Əli Zülfüqaroğlunun fikrincə, müasir dünyada dövlətlər arasında münasibətlər yalnız ənənəvi müttəfiqlik və rəqabət çərçivəsində formalaşmır, iqtisadi və siyasi maraqlar da qərarlara ciddi təsir göstərir.
Şərhçi ABŞ-ın Rusiya ilə bağlı bəzi qərarlarını da bu kontekstdə qiymətləndirib. Onun fikrincə, Vaşinqtonla Moskva arasında müəyyən məsələlər üzrə mümkün əməkdaşlıq regional proseslərə, o cümlədən Cənubi Qafqazdakı layihələrə təsir göstərə bilər.
Əli Zülfüqaroğlu hesab edir ki, Rusiyanın TRIPP layihəsində iştirak edib-etməyəcəyi ilk növbədə ABŞ-Rusiya münasibətlərinin gələcək istiqamətindən və bunun regional maraqlara təsirindən asılı olacaq.
Beləliklə, Moskvanın layihəyə maraq göstərməsi onun iştirakının mütləq reallaşacağı demək deyil. Bunun üçün tərəflərin siyasi mövqeləri, qarşılıqlı maraqları və layihənin icrası zamanı müəyyən ediləcək şərtlər həlledici rol oynaya bilər.
News365.az