Gənclərin təhsil alaraq gələcək qurmaq istəyi heç də həmişə iş tapmaqla nəticələnmir. Bəziləri diplom əldə etsə də, öz ixtisası üzrə iş tapa bilmir, digərləri isə əmək bazarında tələb olunan bacarıqlara sahib olmadığı üçün iş axtarışında çətinlik çəkir. Nəticədə gənclərin bir qismi paytaxta üz tutur, digərləri isə uzun müddət işsiz qalır.
2025-ci ildə Azərbaycanda işsiz gənclərin sayının 99 min nəfər olması problemin miqyasını bir daha ortaya qoyur. Onların 62,6 min nəfərinin tam orta təhsilli olması isə gənclərin məşğulluğu ilə bağlı məsələlərin daha dərindən araşdırılmasını zəruri edir.
Bəs gənclər niyə iş tapa bilmir və bu problemin həlli üçün hansı addımlar atılmalıdır?
News365.az xəbər verir ki, deputat Ceyhun Məmmədov gənclər arasında işsizliyin səbəblərindən və problemin aradan qaldırılması yollarından danışıb.
Deputatın fikrincə, 99 min nəfərlik göstəriciyə yalnız iqtisadi statistika kimi yanaşmaq doğru deyil. Problemin həlli üçün gənclərin əmək bazarına hazırlanması, düzgün istiqamətləndirilməsi və onların peşə bacarıqlarının artırılması istiqamətində sistemli tədbirlər görülməlidir.
Ceyhun Məmmədov qeyd edib ki, gənclər daha yaxşı inkişaf imkanları və iş tapmaq ümidi ilə əsasən Bakıya üz tuturlar. Onun sözlərinə görə, məşğulluq imkanlarının paytaxtda cəmləşməsi arzuolunan inkişaf modeli deyil. Buna görə də gənclərin müxtəlif peşələrə yönləndirilməsi, əlavə biliklərə yiyələnməsi və özünü inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır.
Deputat diqqətə çatdırıb ki, ali təhsil alan gənclər də bəzən bitirdikləri ixtisas üzrə iş tapmaqda çətinlik çəkirlər. Digər tərəfdən, iqtisadiyyatın bəzi sahələrində ixtisaslı kadrlara ehtiyac olsa da, gənclərin həmin istiqamətlərə marağı və yönəlməsi kifayət qədər deyil.
Onun fikrincə, bu uyğunsuzluq problemin yalnız yeni iş yerləri açmaqla həll edilməyəcəyini göstərir. Əmək bazarının real tələbləri nəzərə alınmalı, gənclərin peşə seçiminə daha erkən mərhələdə dəstək verilməli, peşə təhsili və maarifləndirmə imkanları genişləndirilməlidir.
Ceyhun Məmmədov hesab edir ki, gənclərin düzgün istiqamətləndirilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bu sahədə vaxtında və məqsədyönlü tədbirlərin görülməsi işsizliyin azaldılmasına kömək edə bilər.