Ermənistanın müstəqil dövlət kimi təhlükəsizlik sistemini formalaşdırması və nəqliyyat infrastrukturuna nəzarəti ilə bağlı məsələlər Rusiya ilə münasibətlərdə yeni müzakirələrə yol aça bilər. Xüsusilə sərhədlərin qorunmasında Rusiya hərbçilərinin iştirakı və Ermənistan dəmir yollarının idarə olunması İrəvanın gələcək seçimləri baxımından diqqət çəkir.
Milli Məclisin deputatı Rasim Musabəyov bu barədə News365.az-a açıqlamasında danışıb.

Deputatın sözlərinə görə, Ermənistanın sərhədlərinin Rusiya sərhəd qoşunları tərəfindən qorunması müstəqil dövlətlər üçün qeyri-adi vəziyyətdir. O, Belarusun Rusiya ilə sıx inteqrasiyasına baxmayaraq, öz sərhədlərini müstəqil şəkildə qoruduğunu, Tacikistan kimi mürəkkəb coğrafi şəraitə malik ölkələrin də sərhəd təhlükəsizliyini öz qüvvələri ilə təmin etdiyini xatırladıb.
Rasim Musabəyov hesab edir ki, Ermənistan ərazisindəki Rusiya sərhəd qoşunlarının gələcəkdə çıxarılması mümkündür. Onun fikrincə, Ermənistan öz sərhədlərinin mühafizəsini tədricən tam şəkildə öz üzərinə götürməlidir.
Deputat bildirib ki, Ermənistanın sərhəd infrastrukturu əsasən sovet dövründə qurulub və möhkəmləndirilib. Onun sözlərinə görə, sərhəd mühafizəsində Ermənistan vətəndaşlarının da iştirakı nəzərə alınarsa, ölkənin bu sahədə öz imkanlarından istifadə etməsi mümkündür.
Dəmir yolları məsələsinə toxunan Rasim Musabəyov qeyd edib ki, Ermənistanın nəqliyyat infrastrukturunun gələcəyini regionda yaranan yeni tranzit imkanlarından ayrı nəzərdən keçirmək olmaz.
Deputatın fikrincə, Ermənistan dəmir yollarının Rusiya şirkətinin idarəçiliyində olması ilə Azərbaycanın və Naxçıvanın nəqliyyat əlaqələrinin bərpası məsələləri fərqli mövzulardır. O, regionda yeni dəmir yolu marşrutlarının formalaşmasının Ermənistanın tranzit imkanlarına da təsir göstərə biləcəyini vurğulayıb.
Rasim Musabəyovun sözlərinə görə, Ermənistan öz dəmir yolu infrastrukturundan İran və Türkiyə istiqamətlərində tranzit məqsədilə istifadə etmək istəyirsə, ilk növbədə mövcud xətlərin vəziyyətini yaxşılaşdırmalıdır.
Deputat eyni zamanda Rusiyanın dəmir yolu şirkətlərinə qarşı tətbiq edilən sanksiyaların əməkdaşlıq imkanlarını məhdudlaşdıra biləcəyini bildirib. Onun fikrincə, bu şəraitdə beynəlxalq nəqliyyat şirkətlərinin Rusiya dəmir yolu operatoru ilə əməkdaşlığa və investisiyalara marağı azala bilər.