Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçıları noyabrın 11-də keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında Ermənistanın təşkilatda üzvlüyü məsələsini həll edə bilərlər.
News365.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Taalatbek Masadıkov TASS-a açıqlamasında bildirib.
İrəvanın təşkilatdan çıxması ehtimalı barədə danışan baş katib qeyd edib ki, bu məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilərsə, müvafiq qərar qəbul oluna bilər.
“Adətən, təklifi ya sədrlik edən ölkə, ya da başqa bir ölkə irəli sürür. Yəni dövlət başçısı və ya Kollektiv Təhlükəsizlik Şurasının üzvləri bu təşəbbüslə çıxış edə bilərlər. Faktiki olaraq baş verənləri KTMT Nizamnaməsinin 25-ci maddəsi ilə əlaqələndirmək olar. Bu maddə o deməkdir ki, üzvlük haqları ödənilmədikdə və kvota üzrə vəzifələr tutulmadıqda səsvermə hüququ olmur”, – deyə Masadıkov bildirib.
O, həmçinin Ermənistan nümayəndəsinin hər həftə Daimi Şuranın iclaslarında iştirak etdiyini qeyd edib. Baş katibin sözlərinə görə, həmin nümayəndə, yəqin ki, müzakirə olunan bütün məsələlər barədə öz ölkəsinin rəhbərliyinə məlumat verir.
Ermənistan və KTMT arasında münasibətlər gərgin olaraq qalır.
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin beşillik proqramını təqdim edərkən ölkəsinin KTMT-yə qayıtmaq planının olmadığını bildirib.
“Mən əminliklə deyə bilərəm ki, KTMT-də fəaliyyətimizi aktivləşdirməyəcəyik... Təşkilat Ermənistanı KTMT-nin tərkibindən çıxarmaq qərarına gəlsə, bundan məmnun olaram”, – deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını “dondurduğunu” elan edib. Baş nazir Nikol Paşinyan bu addımı İrəvanın fikrincə, təşkilatın müttəfiqlərinin 2021–2022-ci illərdə Ermənistan qarşısında Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb.
2026-cı ilin iyununda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın üzvlük haqları üzrə borcuna görə KTMT-nin təşkilat qarşısında öhdəliklərini yerinə yetirməyən dövlətlərə münasibətdə tədbirləri nəzərdə tutan nizamnamə maddəsinin tətbiqi imkanını nəzərdən keçirəcəyini bildirib.
Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.