Türkiyədə Azərbaycana qarşı hansı yanlış məlumat yayıldı? - AÇIQLAMA

Türkiyədə Azərbaycana qarşı hansı yanlış məlumat yayıldı? - AÇIQLAMA
13:53

Azərbaycanda məktəblərdə geyim qaydaları ətrafında yaranan müzakirələr Türkiyədə də geniş rezonans doğurub. Məsələnin bəzi dairələr tərəfindən fərqli istiqamətə yönəldilməsi, dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə olunması və Azərbaycan haqqında yanlış məlumatların yayılması iki ölkə arasındakı münasibətlərin ictimai müstəvidə müzakirəsinə səbəb olub.

İqtisadçı Natiq Cəfərli bu barədə News365.az-a açıqlamasında danışıb.


O bildirib ki, dini inanclarına uyğun yaşayan insanlarla dini mövzulardan siyasi məqsədlər üçün istifadə edən dairələri bir-birindən fərqləndirmək vacibdir.

N.Cəfərli Əfqanıstanda baş vermiş zəlzələdən sonra qadınların xilas edilməsi ilə bağlı yayılan məlumatları xatırladaraq, dini qaydaların yanlış və ifrat formada tətbiqinin insan həyatı üçün belə təhlükə yarada biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu cür yanaşmalar XXI əsrin reallıqları ilə uzlaşmır.

İqtisadçı Türkiyənin siyasi rəhbərliyinin regionda baş verən proseslərdən xəbərdar olduğunu düşündüyünü bildirib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və onun komandasını təcrübəli siyasətçilər kimi xarakterizə etsə də, ölkədəki seçici amilinin siyasi qərarlara təsirini də diqqətə çatdırıb.

N.Cəfərli qeyd edib ki, Türkiyədə mühafizəkar elektoratın mövqeyi siyasi qüvvələr üçün əhəmiyyətlidir. Buna görə də bəzən siyasətçilərin özləri ilə yanaşı, onların ətrafında olan şəxslərin açıqlamaları və sosial şəbəkə paylaşımları da ictimai müzakirələrə təsir göstərir.

O, bəzi şəxslərin dini və ictimai məsələlərə ifrat yanaşmasını tənqid edərək, bunun bütün dindarlara şamil edilməsinin doğru olmadığını vurğulayıb. İqtisadçının fikrincə, insanların dini inanclarını sərbəst şəkildə yaşaması ilə həmin inancların başqalarına təzyiq vasitəsinə çevrilməsi arasında ciddi fərq var.

“Azərbaycanda hicabın qadağan olunması barədə yanlış məlumat yayıldı”

N.Cəfərli yaranmış müzakirələrdə Azərbaycanın informasiya siyasətinin də roluna toxunub. O hesab edir ki, məsələyə dair düzgün məlumatlandırma işi daha erkən başlamalı və yanlış iddiaların yayılmasının qarşısı vaxtında alınmalı idi.

İqtisadçı bildirib ki, ilk məlumat dalğasında Türkiyədə Azərbaycanda baş örtüyünün tamamilə qadağan olunması barədə xəbərlər yayılıb. Onun fikrincə, bu məlumatın təqdimat forması cəmiyyətdə yanlış təsəvvürlərin yaranmasına və mövzunun daha da gərginləşməsinə səbəb olub.

N.Cəfərli belə hallarda məlumatların dəqiqləşdirilməsinin, ictimaiyyətə aydın izahat verilməsinin və dini məsələlərin siyasi mübarizə alətinə çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada