İğdır–Naxçıvan qaz kəməri regionda geosiyasi dinamikanı dəyişən mühüm bir layihədir

İğdır–Naxçıvan qaz kəməri  regionda geosiyasi dinamikanı dəyişən mühüm bir layihədir
05 Mar 2025 09:44

Təməli 25 sentyabr 2023-cü ildə Prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğan tərəfindən qoyulan İqdır-Naxçıvan qaz kəməri sabah rəsmi mərasimlə açılacaq. Bu layihənin həyata keçirilməsi region üçün strateji əhəmiyyət daşıyır.

İğdır–Naxçıvan qaz kəməri, ilk növbədə, Naxçıvanın enerji təminatını yaxşılaşdıraraq qaz təchizatının dayanıqlılığını artırır. Əvvəllər İran vasitəsilə həyata keçirilən qaz tədarükü Naxçıvanın enerji təhlükəsizliyini müəyyən risklərlə üz-üzə qoyurdu. Yeni kəmər bu riskləri minimuma endirərək Azərbaycanın öz resursları vasitəsilə muxtar respublikanı birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq.

İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr olan boru kəmərinin 17,5 kilometri Azərbaycanın, 80 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəyir. Bununla da muxtar respublikanın yalnız bir mənbədən asılılığı aradan qalxacaq, enerji tədarükü şaxələnəcək və enerji təhlükəsizliyi daha da möhkəmlənəcək.

Bu addım, eyni zamanda, Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığını daha da gücləndirir. İran üçün isə bu kəmərin istifadəyə verilməsi iqtisadi və siyasi təsir alətlərindən birinin zəifləməsi deməkdir. İndiyə qədər İran Naxçıvanın qaz təminatında mühüm rol oynayırdı və bu mövqedən istifadə edərək Azərbaycanla münasibətlərdə təzyiq vasitəsi kimi çıxış etməyə səy göstərirdi. Lakin yeni kəmərin işə düşməsi ilə İranın bu təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq.

Eyni zamanda, Ermənistan növbəti dəfə mühüm bir regional layihədən kənarda qaldı. Regionun nəqliyyat və enerji şəbəkələrinə inteqrasiya əvəzinə destruktiv siyasət yürüdən bu ölkə dalana dirənib. Halbuki konstruktiv yanaşma nümayiş etdirməklə Cənubi Qafqazda əməkdaşlıq imkanlarından faydalana bilərdi. Lakin Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşan bu və digər irimiqyaslı layihələr Ermənistanın regional iqtisadi və enerji əməkdaşlığından daha da təcrid olunmasına gətirib çıxarır.

Nəticə etibarilə, İğdır–Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini gücləndirən, Azərbaycanın enerji strategiyasını möhkəmləndirən və regionda geosiyasi dinamikanı dəyişən mühüm bir layihədir.

Aqil Məmmədov, ekspert


Sizin reklam burada
Sizin reklam burada