ABŞ-ın BMT-ni tərk etmək istəməsinin bir neçə səbəbi var: AÇIQLAMA

ABŞ-ın BMT-ni tərk etmək istəməsinin bir neçə səbəbi var: AÇIQLAMA
15:55

"Respublikaçı konqresmenlər ABŞ-ın BMT-dən çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər. Bu layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur."

Politoloq Turan Rzayev bu sözləri News365.az-a şərh edib. 


"Prinsip etibarilə ABŞ-da müxtəlif vaxtlarda bənzər qanun layihələri irəli sürülüb. Donald Trampın hakimiyyətə gəlişi ilə bu məsələ yenidən aktuallaşıb. ABŞ-ın BMT-ni tərk etmək istəməsinin bir neçə səbəbi var:

Birincisi, maliyyədir. ABŞ BMT-yə ən çox pul xərcləyən ölkədir. Trampın hazırda ABŞ-ın xarici xərclərini azaltmağa çalışdığını nəzərə alsaq, bu versiya ağlabatandır.

İkincisi, təşkilatın beynəlxalq siyasətdəki mövqeyi ABŞ dəyərləri ilə ziddiyyət təşkil edir. Respublikaçı senatorlar hesab edirlər ki, BMT ABŞ-ın milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla siyasi itkilərlə üzləşir.

ABŞ-ın BMT-dən tam çıxması təşəbbüsləri həmişə nəticəsiz qalıb. Çünki demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-ın qlobal liderliyini zəiflədə biləcəyini deyirlər.

Demokratların mövqeyi çox vacibdir. Çünki ABŞ-ın BMT-dən çıxması üçün qanun layihəsi həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməli, daha sonra prezident tərəfindən imzalanmalıdır. Hazırda layihənin Konqresdə nə dərəcədə dəstək qazana biləcəyi sual altındadır.

Bununla belə, Tramp bir yolunu tapıb, ABŞ-ı BMT-dən çıxararsa, bu, təşkilatın dağılması deməkdir. Müqayisə üçün deyim ki, ABŞ-ın BMT-nin sələfi olan Millətlər Cəmiyyətindən ayrılması bu təşkilatın beynəlxalq gücünü itirməsinə, daha sonra dağılmasına səbəb oldu. Analoji addım BMT-nin də dağılmasına zəmin yarada bilər.

Ümumiyyətlə, BMT-nin fəaliyyəti təkcə ABŞ tərəfindən deyil, bir çox böyük və kiçik ölkələr tərəfindən tez-tez tənqid edilir. Faktiki olaraq təşkilat ya qərar verə bilmir, ya da qərarları icra edilə bilmir. Buna görə hazırda iki əsas yanaşma var:

1. BMT-də reformlar olmalıdır;

2. BMT-ni ləğv edib, yeni sistem tərtib edilməlidir.

Hələlik ABŞ ikincini daha çox dəstəkləyir, lakin niyyəti beynəlxalq hüququ və sistemi dəyişməkdirsə, ilk növbədə dünya miqyasında nəzarətli xaosa ehtiyac var. Bunu iki ssenari ilə yarada bilər:

1. İran-İsrail müharibəsi fonunda İrana müdaxilə;

2. Tayvan münaqişəsi və buna paralel Kəşmir, Koreya münaqişələrinin alovlanması.

Hər iki ssenari və ya tamam başqa ssenari üzrə yaradılacaq nəzarətli xaosdan sonra ABŞ yeni dünya nizamını tərtib edə bilər. Yeni dünya nizamında isə heç kəsin veto hüququ olmalıdır. Xatırladım ki, ABŞ İkinci Dünya müharibəsinin müttəfiqləri və sonradan rəqibləri olacaq SSRİ və Çin ilə qələbə qazandığı üçün yeni nizamda onlara da yer verməli oldu. Söhbət BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və onların veto hüququndan gedir. 

İndi Vaşinqton Moskvaya Ukrayna ərazilərinin bir qismini, Çinə isə Tayvanı güzəştə gedərək onların veto hüququndan imtinasına nail ola bilər. Yeni nizamda isə sadəcə nüfuzu, pulu və təsir gücü olan dünya ölkələrinin səsini qazanıb istədiyini edər.

Hər halda proseslər tamam fərqli də ola bilər. Xarici KİV-lərdə hazırda belə bir iddia var ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı Moskvaya qələbə paradına dəvət edib. Çin lideri Si Szinpinin də bura səfəri gözlənilir. Bu iki səfər baş tutarsa, Tramp planını Putin və Szinpinə aça, vəd verə bilər. Hər halda bunu zaman göstərəcək."


Sizin reklam burada
Sizin reklam burada