Fuad Nağıyev bir SİQNALDIR

Fuad Nağıyev bir SİQNALDIR
15:35
1991-ci ilin sentyabrında ABŞ-ın Moskvadakı yeni səfiri Robert Strauss Qorbaçovdan xahiş etdi ki, diplomatik missiyanın binasında dinləmə cihazlarının yerləşdirilməsi planını Amerika tərəfinə versin. Qorbaçovdan müvafiq şifahi göstəriş Bakatinə verildi və dərhal onun tərəfindən yerinə yetirildi.
Texniki keşlərin yerləşdirilməsi planının amerikalılara könüllü şəkildə verilməsi, gizli də olsa hiddətlə qarşılandı. Nazir həmin tapşırığı yerinə yetirmiş, bununla da dövləti təhlükəsizliklə bağlı məsələ ayaq altına atılmışdı.
Qorbaçovun həmin jesti Soyuq müharibənin başa çatmasına işarə kimi anlaşılsa da, Moskva ilə Vaşinqton arasında geosiyasi qarşıdurmanın sona çatmasından xəbər versə də, istənilən halda çekistlər bunu vətənə xəyanət anlamında izah etdilər və bu günə qədər də həmin hərəkət bağışlanmır.
Amerikalıların udduğu o oldu ki, dinləmə cihazlarının necə yerləşdirilməsi, hansı texniki vasitələrdən istifadə edilməsini öyrəndilər. Çünki bir dəfə açıqlanan vasitələr, üsul və texnologiyalar daha istifadə oluna bilməz. Bunun üçün laboratoriyaya yeni beyinlər cəlb olunmalı, elə texnikalar istehsal edilməlidir ki, qarşı tərəfin bu barədə heç bir təsəvvürü olmasın.
Dinləmə cihazlarının naqilləri əsasən kərpiclərin arasından keçirilir. ABŞ bunun üçün Finlandiyanı seçmiş və həmin zavoda etibar etmişdi. Lakin DTK podratçı təşkilatı “verbovka” edə bilmişdi. Bu barədə uzun-uzadı məlumat vermək istəmirəm. Sözümün məğzi tamamilə başqadır.
Deyilə bilər ki, DTK-nın sədri Vadim Bakatin əmr quludur və Qorbaçovun qərarını sözsüz yerinə yetirməli idi. Bəli, doğru düşünürsüz. Lakin peşəkar qaydalar var. Birincisi, Bakatin Soyuq müharibənin qurtarması jestinin milli təhlükəsizlik baxımından ölkəyə vuracağı zərbəni Qorbaçova anlatmalı idi. Onsuz da 1984-cü ildən satılmış Qorbaçov buna etiraz etsə də, DTK rəhbəri ikinci variantı işə sala bilərdi. ABŞ səfirliyinin dinləmə qurğuları təkcə kərpiclərin arasından keçmirdi. Həmişə ikinci dinləmə cihazları da olur. Bakatin alternativ cihazların da yerini onlara təqdim etmişdi.
Və ən əsası odur ki, Bakatin DTK-nın sonuncu rəhbəri kimi şifahi əmri canla-başla yerinə yetirməzdən əvvəl Daxili işlər naziri olanda, peşəkarları işdən azad etmişdi. Bir sözlə, sistemi əməlli-başlı laxlatmışdı. Sanki kiminsə qisasını alırdı.
Bəli, onun ürəyində çoxdan yatan qisası vardı. Çünki babası repressiyaya uğramışdı. Sovet hökuməti onun nəslindəki bu elementi yumşaldaraq qərara alıb ki, gənc kadra yol açsın. Lakin bilməyib ki, qoynunda ilan yemləyir.
Köhnə əhvalatdan başlamağımın əsas səbəbi Azərbaycanın Turizm Agentliyindəki son hadisə ilə bağlıdır. Agentliyin rəhbərinin doğma adamı Azərbaycana düşmənçiliyi ilə seçilən xarici qurumda çalışıb. Həmin qurumla əməkdaşlıq edənlər Agentlikdə yüksək vəzifə tutublar. Və dövlət yazışmaları həmin quruma, ordan da xarici səfirliklərə sızdırılıb. Kimsə deməsin ki, Turizm agentliyi sıradan bir qurumdur. Xeyr, kifayət qədər strateji qurumdur və dövlət yazışmalarının içində milli təhlükəsizliklə bağlı çox məsələlər var.
Əvvəllər mühüm postlara, özü də əhəmiyyətli postlara gətirilən adamların nəslini ciddiliklə, dərinliklə yoxlayardılar. Bilmirəm, indi işəgötürmə sistemində buna əməl edilir, ya yox, amma nəticə bundan sonra Turizm Agentliyindəki kimi olmasın.
Azər Qismət, yazıçı publisist
All react

Sizin reklam burada
Sizin reklam burada