Məktəb direktorları kütləvi “bülleten” açdırıb: Maraqlı SƏBƏB

Məktəb direktorları kütləvi “bülleten” açdırıb: Maraqlı SƏBƏB
16:18

Artıq 8 Mart – Beynəlxalq Qadınlar Gününə cəmi iki gün qalıb. Hər il olduğu kimi, bu il də məktəblərdə şagirdlərdən pul yığımı məsələsi geniş müzakirə olunur.

Sosial şəbəkələrdə və valideynlər arasında bəzi təhsil ocaqlarında bayram münasibətilə məcburi pul yığılması ilə bağlı müxtəlif şikayətlər səslənir. Valideynlərdən bəziləri iddia edir ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən təzyiqlə qarşılaşıblar.

Elm və Təhsil Nazirliyi isə dəfələrlə belə halların yolverilməz olduğunu vurğulasa da, görünən odur ki, məsələnin tam qarşısını almaq hələ də mümkün olmayıb.

Yenisabah.az xəbər verir ki, hazırda məktəblərdə başqa bir diqqətçəkən proses də gedir. Saytın etibarlı mənbədən əldə etdiyi məlumata görə, ölkə üzrə məktəb direktorlarının təxminən 70 faizi xəstəlik vərəqəsi (“bülleten”) açdıraraq işdən müvəqqəti uzaqlaşıb. Səbəb isə qarşıdakı yoxlamalardan yayınmaqdır.

Mənbənin iddiasına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bəzi əməkdaşları yaxın münasibətləri olan məktəb direktorlarına bülletenə çıxmağı tövsiyə ediblər. Direktorların nəzərinə çatdırılıb ki, yaxın günlərdə ciddi yoxlamalar və kadr dəyişiklikləri gözlənilir, buna görə də bülletenə çıxmaq məsuliyyətdən yayınmaq üçün ən yaxşı üsuldur.

Mənbə bildirir ki, artıq çox sayda məktəbdə bu hallar qeydə alınıb və prosesin daha geniş miqyasda davam etdiyi ehtimal edilir. Direktorların vəzifələrindən müvəqqəti uzaqlaşmalarına baxmayaraq, onlar məktəbləri onlayn idarə etməyə çalışırlar və əməkhaqqılarının kartlarına köçürülməsi davam edir. Bu vəziyyət isə məktəblərdə idarəçilik sistemində xaos yarada bilər.

Məlumatda o da qeyd olunur ki, 8 martdan sonra Elm və Təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə məktəb direktorlarına qarşı “təmizləmə əməliyyatı” aparılacaq. Bunun nə formada həyata keçiriləcəyi və konkret hansı tədbirlərin görüləcəyi barədə ətraflı məlumat yoxdur. Lakin gözlənilən yoxlamaların məktəblərdə ciddi struktur dəyişikliklərinə və bəzi direktorların işdən uzaqlaşdırılmasına səbəb ola biləcəyi ehtimal edilir.

Xatırladaq ki, bir neçə gün öncə Bakının Pirallahı rayonundakı 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərlə mübahisəsinin yer aldığı səs yazısı yayılıb. İddialara görə, direktor müəllimlərin ona ad günü üçün aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və pedaqoji heyəti təhqir edib. Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi araşdırma aparıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə onu vəzifəsindən azad edib. Agentlik təhsil müəssisələrində neqativ halların yolverilməz olduğunu bəyan edib. Son zamanlar məktəb rəhbərləri ilə bağlı narazılıqların artması fonunda bu hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada