"İnsan sağlam olmalıdır. Yəni oruc tutmağa gücü yetməlidir. Məsələn, xəstə insanlar, süd verən analar, yeni uşaq dünyaya gətirmiş qadınlar, hamilə qadınlar – bunlara oruc tutmaq olmaz. Bu, dinin qaydalarından biridir. Məsələn, Qurani-Kərimdə “Nisa” surəsində buyurulur ki: “Bilərək özünüzü təhlükəyə atmayın.”
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan bu sözləri News365.az-a açıqlamasında deyib.
"Əgər həkim deyirsə ki, sənə ac qalmaq həyatın üçün təhlükəlidir, amma sən yenə də oruc tutsan, bu halda günah etmiş olursan. Əgər oruc tutmaq sağlamlığına ciddi problem yaratsa, məsələn, mədənində yara varsa və orucluq zamanı qanasa, bu artıq günaha çevrilir. Yəni, baxın, İslam dini çox yumşaqdır. İnsanları məcburiyyət altına salmır.
Digər tərəfdən, səfərdə olan insanlara da oruc vacib deyil. Əgər səfərdədirsənsə, tuta bilirsənsə tut, amma tutmasan, qayıtdıqdan sonra qəzasını yerinə yetirməlisən.
Oruc məsələsi budur. Burada təbii ki, çox detallı məsələlər var. Məsələn, bəzi xəstəliklər var ki, susuz qalmaq mümkün deyil. Eləcə də elə insanlar var ki, mütəmadi olaraq dərman qəbul etməlidirlər. Məsələn, gündə bir neçə dəfə dərman içən insanlar üçün oruc tutmaq olmaz. Əks halda günah etmiş olarlar. Onları oruca məcbur etmək düzgün deyil.
Sonra azyaşlı uşaqlar məsələsi var. Bəzən valideynlər uşaqları məcbur edirlər ki, onlar da oruc tutsunlar. Bu düzgün deyil, olmaz. Dində məcburiyyət yoxdur, sevgi var. Sevgi ilə öyrədilməlidir. Uşaq hələ nə baş verdiyini anlamır. O, dinin mahiyyətini, Allahın buyruqlarını dərk edəndə, özü oruc tutmaq istəyəcək.
İmam Cəfər Sadiq (ə) buyurur ki: “Din yalnız məhəbbətdən ibarətdir.” Yəni bir cümlə ilə İslam dinini ifadə etsək, din sevgidir. İnsanların bir-birinə olan məhəbbəti, mərhəməti, səxavəti – bütün müsbət xüsusiyyətlər dinin içində cəmlənmişdir."
Daha ətraflı youtubdan izləyə bilərsiniz.