"Azərbaycan tarixinin bütün dövrlərində qadınlara hüquqlar verilib"- Əfqan Vəliyev

"Azərbaycan tarixinin bütün dövrlərində qadınlara hüquqlar verilib"- Əfqan Vəliyev
16:30

"Azərbaycan cəmiyyəti müsəlman dünyasına aid olmasına baxmayaraq, digər müsəlman ölkələrindən fərqlənir."

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Əfqan Vəliyev bu sözləri News365.az-a açıqlamasında deyib. 

Tarixin bütün dövrlərində qadınlara hüquqlar verilib, onlar cəmiyyətin aparıcı qüvvələrindən biri olub və müxtəlif sahələrdə fəal şəkildə iştirak ediblər. Qadınlar dövlət vəzifələrində çalışıb, ictimai və sosial həyatda önəmli mövqelər tutublar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə müsəlman şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verildi. Həmin dövrdə Şəfiqə əxanım Əfəndizadə cəmiyyətin ən fəal qadınlarından biri kimi Azərbaycan parlamentində çalışıb və qadın hərəkatının aparıcı nümayəndələrindən olub. Onun timsalında Azərbaycan qadınları cəmiyyətin formalaşmasında mühüm rol oynayıblar.

Tarixin müxtəlif mərhələlərində qadınlar kişilərlə çiyin-çiyinə həm ədəbiyyatda, həm poeziyada, həm də folklorda iştirak ediblər. Eyni zamanda, cəmiyyətin müxtəlif sahələrində, mübarizələrdə və döyüş meydanlarında da qadınların xüsusi yeri olub. Həcər xanım, Mömünə xatın, İnanç xatın, Qütəyibə xatın, Şahinə Məhzəfi Gəncəvi, Zahidə xanım, Mehriban xatın, Mələk xatın, Sara xatın, Əlimşah bəyim, Bəyim xatın, Tutubikə, Qövfar ağa kimi tarixi şəxsiyyətlər Azərbaycan qadınlarının şücaətini və rolunu sübut edən nümunələrdir.

Çar dövründə yaradılan “Nicat”, “Səfa” və digər xeyriyyə cəmiyyətlərində qadınlarımız fəal iştirak edib, onların xeyriyyəçilik fəaliyyəti nəticəsində çox sayda qadın təhsil almaq imkanı əldə edib. 

Sovet dövründə də qadınlara böyük dəyər verilib, onlar müxtəlif dövlət vəzifələrində, partiya işlərində və Azərbaycan Milli Məclisində təmsil olunublar. Azərbaycan ədəbiyyatına, incəsənətinə və ictimai fikrin formalaşmasına böyük töhfələr verən şair və yazıçılar arasında Mikayıl Müşfiq, Mirvarid Dilbazi, Nigar Rəfibəyli və bir çox başqaları var.

Xalq Cümhuriyyəti dövründən Sovet dövrünə, oradan isə müstəqil Azərbaycan Respublikasına qədər qadınların cəmiyyətdə rolu daim yüksəlmişdir. Onlar demək olar ki, bütün sahələrdə çalışıb, dövlət və hərbi sahədə də mühüm nailiyyətlər əldə ediblər. Sovet dövründə Şamama Həsənova və Sevil Qazıyeva əmək sahəsində xüsusi xidmətləri ilə seçilmiş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.

Müasir dövrdə də Azərbaycan dövləti qadınlarla bağlı mühüm islahatlar aparır, yeni qanunlar qəbul edir və onların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir. Qadınların təhsil, siyasət və sosial sahələrdə fəaliyyəti getdikcə daha çox hiss olunur.

Birinci Qarabağ müharibəsində Azərbaycan qadınları ön cəbhədə döyüşən əsgərlərimiz üçün arxa cəbhədə fədakarlıq göstərmiş, müharibədə iştirak edərək şəhid olmuşlar. Salatın Əsgərova Birinci Qarabağ müharibəsinin qəhrəman qadın şəhidlərindən biridir. Azərbaycanın inkişafında qadınların böyük rolu olub və bu gün də onların fəaliyyəti ölkəmizin inkişafına öz töhfəsini verməkdə davam edir.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva bu gün qadınlarımızın dünyada təmsil olunmasında mühüm rol oynayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə və beynəlxalq səviyyədə mühüm sosial, mədəni və xeyriyyə layihələri həyata keçirir. Mehriban xanımın fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Eyni zamanda, dövlətimiz qadınların bəzi sahələrdə üzləşdiyi çətinlikləri nəzərə alır və bu istiqamətdə lazımi tədbirlər görür. Dövlət qurumları və vətəndaş cəmiyyəti institutları bu istiqamətdə birgə fəaliyyət göstərirlər."- deyə fikirlərini bildirib. 


Sizin reklam burada
Sizin reklam burada