“Hindistanın qərəzi Azərbaycan-Pakistan qardaşlığını daha da gücləndirir” - Züriyə Qarayeva

“Hindistanın qərəzi Azərbaycan-Pakistan qardaşlığını daha da gücləndirir” - Züriyə Qarayeva
13:55

"Azərbaycan və Pakistan arasında uzun illərdir davam edən dostluq və qardaşlıq əlaqələri bu gün də regional və beynəlxalq müstəvidə öz təsirini göstərməkdədir. Hər iki ölkəni birləşdirən əsas amillər ortaq dini-mədəni dəyərlərlə yanaşı, strateji maraqlardır."

Politoloq Züriyə Qarayeva bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Xüsusən də İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana nümayiş etdirdiyi açıq siyasi və mənəvi dəstək Bakıda böyük rəğbətlə qarşılanıb. Azərbaycan da eyni şəkildə, Pakistanın Kəşmir məsələsindəki haqlı mövqeyini ardıcıl olaraq müdafiə edir. Bu qarşılıqlı həmrəylik isə bölgədə geosiyasi balansı dəyişdirən əsas faktorlardan biridir.

Məhz bu səbəbdəndir ki, Hindistanın Azərbaycana qarşı münasibəti son dövrlərdə xeyli sərtləşib. Nyu-Dehli müxtəlif beynəlxalq platformalarda Azərbaycanın maraqlarına qarşı çıxış etməklə yanaşı, onun Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv qəbul olunmasına da etirazını açıq şəkildə bildirib. Halbuki, təşkilata sədrlik edən Çin Azərbaycanın müraciətini birmənalı şəkildə dəstəkləyib. Bu da göstərir ki, Hindistanın mövqeyi hüquqi əsaslardan daha çox siyasi qərəz üzərində qurulub.

Ekspertlərin qənaətinə görə, Hindistanın narazılığının iki mühüm səbəbi var:

  1. Azərbaycanın Pakistanla yaxınlığı və xüsusilə də son qarşıdurmalar fonunda İslamabada göstərdiyi dəstək;

  2. Regionda türk-İslam əməkdaşlığının güclənməsi və bu prosesdə Azərbaycanın fəal iştirakı.

Lakin Hindistanın bu siyasəti real nəticə vermir. Azərbaycan həm Çin, Türkiyə, Pakistan, həm də Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq çərçivəsini genişləndirərək öz beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Nyu-Dehlinin sərgilədiyi qərəzli yanaşma isə əksinə, onun diplomatik mövqelərinə zərbə vurur.

Diqqətçəkən məqamlardan biri də Pakistanın bu məsələdə sərgilədiyi qarşı mövqedir. İslamabad son günlər Ermənistanın ŞƏT-ə qəbul olunmasına mane olaraq, Bakıya siyasi dəstəyini bir daha nümayiş etdirib. Bu, Azərbaycan-Pakistan qardaşlığının sadəcə emosional yox, həm də konkret siyasi nəticələr doğurduğunu göstərir.

Ümumilikdə, Hindistanın sərt mövqeyi Azərbaycanın beynəlxalq mövqelərinə təsir etmir. Əksinə, Bakı üçün qardaşlıq əlaqələri strateji xətt olaraq qalır və bu əməkdaşlıq Hindistanın regiondakı dar geosiyasi yanaşmalarını daha da aydın göstərir. Azərbaycanın güclənən tərəfdaşlıqları isə onun çoxşaxəli xarici siyasət kursunu möhkəmləndirir."


Sizin reklam burada
Sizin reklam burada