Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalır. Xüsusilə Moskva və Kiyevin sülh şərtlərinə yanaşmasının fərqli olması yaxın zamanda razılaşmanın əldə olunması perspektivlərini sual altında saxlayır. Eyni zamanda, Ukraynanın əsas Qərb tərəfdaşlarının Kiyevə hərbi və maliyyə dəstəyini davam etdirməsi müharibənin taleyi ilə bağlı qeyri-müəyyənliyi artırır.
Politoloq Turab Rzayev Rusiya-Ukrayna müharibəsi fonunda sülh danışıqlarının perspektivləri və Qərbin Kiyevə dəstəyi ilə bağlı fikirlərini açıqlayıb.

Politoloq News365.az-a açıqlamasında bildirib ki, yaxın zamanda tərəflər arasında sülh sazişinin əldə olunması real görünmür:
“Biz düşünmürük ki, yaxın müddətdə, ən azından yaxın günlərdə sülh əldə olunsun. Bəli, tərəflər bu istiqamətdə çox çalışdılar və müəyyən orta şərtlər əsasında hansısa razılığa gəlmək mümkün ola bilərdi. Amma tərəflərin orta şərtlərlə bağlı baxışları tamamilə fərqlidir”.
T.Rzayev qeyd edib ki, Rusiya və ABŞ tərəfindən irəli sürülən şərtlər arasında ciddi fərqlər mövcuddur:
“Biz Rusiyanın ortaya qoyduğu və ABŞ tərəfindən də Rusiya tərəfinin təklif etdiyi şərtləri gördük. Bu məsələlər üzərində ciddi vaxt keçirilsə də, son nəticədə yeni saziş layihəsində tamamilə əks mövqeləri əks etdirən maddələrin olduğu ortaya çıxdı. Belə olan halda tərəflərin mövqelərini necə yaxınlaşdıracağı sual doğurur”.
Politoloqun sözlərinə görə, Ukraynanın əsas dəstəkçiləri olan Böyük Britaniya, Almaniya və Fransa da hazırda sülhün əldə olunması istiqamətində real və təsirli addımlar atmırlar:
“Digər tərəfdən görürük ki, hazırda Ukraynaya əsas müdaxilə edən və dəstək göstərən ölkələr – Böyük Britaniya, Almaniya, Fransa və digərləri – sülhün əldə olunması istiqamətində real addımlar atmırlar”.
T.Rzayev Avropa ölkələrinin öz daxilində də sosial-iqtisadi problemlərin artdığını və buna baxmayaraq, Ukraynaya maliyyə dəstəyinin davam etdirildiyini vurğulayıb:
“Almaniyada hazırda əhalinin sosial ehtiyacları üçün ayrılan vəsaitlər azaldılır və müəyyən kəsintilər edilir. Ölkə bu sahədə problemlərlə üzləşir. Amma Ukraynaya ayırdığı maliyyə yardımını kəsmir. Təbii ki, son dövrlərdə yardımlarda müəyyən azalma müşahidə olunur və Ukraynanın tələb etdiyi bütün yardımlar təqdim edilmir”.